Azərbaycan Premyer Liqasında bu gün XIII tura start veriləcək. Birinci oyunda “Neftçi” “Şamaxı”nın müqavimətini qırmağa çalışacaq.
Lider “Qarabağ” bu turda “Zirə”ni qəbul edəcək, “Turan Tovuz” “Səbail” səfərinə yollanacaq. Vaqif Cavadovla yüksəlişdə olan “Sumqayıt”ın rəqibi ikinci pillədəki “Araz-Naxçıvan” olacaq. “Sabah” isə autsayder “Kəpəz”lə üz-üzə gələcək.
8 noyabr / 15:00 Neftçi – Şamaxı
Əvvəlki oyun 0:0
Tura “Neftçi Arena”da start veriləcək. Pis dönəmlər keçirən “Neftçi” azarkeşləri önündə son turların uğursuz komandası “Şamaxı”nı sınağa çəkəcək. “Neftçi” 9 xalla 8-ci, “Şamaxı” isə 12 xalla 7-ci sıradadır. “Ağ-qaralar” uğursuz seriyasını sonlandırmaq üçün qələbə qazanmaq və yavaş-yavaş yuxarı sıralara qalxmaq arzusundadır. Samir Abasovun gəlişindən sonra üç oyunda cəmi bir qələbə qazanan “Neftçi” ötən turda fanatları qarşısında “Araz-Naxçıvan”a uduzub və bunu unutdurmaq üçün mütləq qələbə qazanmalıdır. Bərabərlik “Şamaxı”ya sərf edir və bu səbəbdən qonaqların “ikinci nömrə”də oynaması gözlənilir.
9 noyab / Səbail – Turan Tovuz
Əvvəlki oyun 0:1
Ötən tur “Kəpəz”ə məğlubiyyətdən sonra baş məşqçisi Şahin Diniyevin istefa verdiyi “Səbail”də işlər yolunda getmir. “Dənizçilər”i bu görüşə U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov çıxaracaq və o, Premyer Liqada məşqçi kimi ilk təcrübəsini yaşayacaq. “Səbail”də oyun planında itkilər var. Nə oynadığı bəlli olmayan “dənizçilər” yalnız sürətli hücumları ilə seçilir ki, bu da “Turan Tovuz” kimi etibarlı müdafiəsi olan komandaya qarşı necə istifadə olunacaq, maraq doğurur. “Turan Tovuz” isə mövsümün sürpriz komandalarındandır. Yayda baş məşqçi postuna Kurban Berdıyevin gəlişindən sonra iddiasını artıran tovuzlular son beş rəsmi oyununda 4 qələbə qazanıb. Yeganə heç-heçə isə “Qarabağ”la oyunda qeydə alınıb – 0:0. Tovuz klubu mövsümün ən intizamlı kollektividir. Komandanın nizamı, son turlardakı çıxışı və “Səbail”in mövcud durumu qonaqları bir addım öndə göstərir.
9 noyab / 19:30 Sabah – Kəpəz
Əvvəlki oyun 3:2
Son turların bəxtsiz komandası “Sabah” azarkeşləri önündə autsayder “Kəpəz”i qəbul edəcək. Krunoslav Renduliçin yetirmələri son beş oyunda qələbə qazana bilməyib. 3 heç-heçə edən “bayquşlar” 2 görüşdə heç-heçə edib. Avrokubok mübarizəsində olan “Sabah” yarışdan geri qalmamaq üçün mütləq qələbə qazanmalıdır. 3-cü pillədəki “Araz-Naxçıvan” bir neçə gün əvvəl “Zirə”ni də məğlub etməklə “bayquşlar”la xal fərqini 10-a yüksəldib. “Kəpəz”lə görüş “Sabah” düşərgəsində geridönüş oyunudur. Məğlubiyyət avrokubok zonası ilə xal fərqini daha artıra və baş məşqçi Renduliçin postunu silkələyə bilər. “Kəpəz” isə elitada qalmaq üçün mübarizə aparır. 9-cu yerdəki “Səbail”lə xal fərqini minimuma endirən gəncəlilər Azər Bağırovun gəlişindən sonra oyun planında artırıb. Sürətli hücumları ilə diqqət çəkən “Kəpəz”də əsas problem realizasiyadır. “Sabah” səfəri çətin olsa da, “bayquşlar”ın son turlardakı uğursuzluğu “Kəpəz” cəhbəsini ümidləndirməyə bilməz. Ötən turdakı “Səbail” qələbəsindən sonra motivasiyası yüksək olan “Kəpəz”in qələbəsi sürpriz sayılmayacaq.
10 noyabr / 16:00 Araz-Naxçıvan – Sumqayıt
Əvvəlki oyun 1:0
Mövsümün ən yaxşı komandalarından “Araz-Naxçıvan” müsbət dinamikada davam edir. Həm nəticələrini, həm də oyununu yaxşılaşdıran Elmar Baxşıyevin yetirmələri aşkar favoritdir. Məğlubiyyətin nə olduğunu unudan naxçıvanlılar ikinci pillədədir və “Qarabağ”dan bir xal geri qalır, “Turan Tovuz”u isə eyni xalla üstələyir. Tovuz komandasının “Səbail”lə, “Zirə”nin isə “Qarabağ”la oyunun olduğu tur “Araz-Naxçıvan” fürsəti boşa vermək istəməyəcək.
“Sumqayıt” isə bu mövsüm ilk dəfə ardıcıl iki qələbə qazanıb. “Sabah” və “Səbail”ə qalib gələn “kimyaçılar”da motivasiya yüksək səviyyədədir. “Araz-Naxçıvan” səfərindən azı heç-heçə ilə qayıtmağı hədəfləyən “kimyaçılar”ın şansları azdır. Komandaların heyətlərində ciddi itki yoxdur.
10 noyabr / 19:00 Qarabağ – Zirə
Əvvəlki oyun 3:1
Avropa Liqasında “Bodo-Qlimt”i səfərdən məğlub edən “Qarabağ”ın düşərgəsində atmosfer yüksək səviyyədədir. Turnirdə ilk qələbəsini qazanan “atlılar” “Zirə” ilə oyunun favoritidir. Rəşad Sadıqovun yetirmələri bu mövsüm qeyri-stabil nəticələri ilə seçilir. “Qartallar” son beş oyunda cəmi bir qələbə qazanıb. “Qarabağ”la görüşdə də favorit məhz “atlılar”dır.
Çempionatda ötən turda xal itirən “Qarabağ”ın ən yaxın izləyicisi “Araz-Naxçıvan”la xal fərqi 1-dir. Liderlik mövqeyini itirmək istəməyən “Qarabağ”ın “Zirə” ilə oyunda büdrəyəcəyi gözlənilmir.
Kamil Əhməd