“Qarabağ” Azərbaycan Premyer Liqasının XII turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 18:30-da start veriləcək.
Qurban Qurbanovun yetirmələri bu mövsüm çempionatda 10 oyunda 9 qələbə qazanıb. Komandanın yeganə məğlubiyyəti tovuzlularla ev matçında yaşanıb. “Azersun Arena”da baş tutan görüşdə “Turan Tovuz” minimal hesabla qələbə qazanıb – 1:0.
“Turan Tovuz” son turların formada komandalarındandır. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv son 5 rəsmi matçın 4-də qələbə qazanıb. Tovuzlular Premyer Liqada “Şamaxı” ilə heç-heçədən (2:2) sonra xal itkisi yaşamayıb. “Qarabağ” da Premyer Liqada əmin addımlarla davam edir. “Atlılar” Tovuz komandasına məğlubiyyətdən sonra xal itkisi yaşamayıb.
Komandaların şəxsi duellərində də “Qarabağ”ın böyük üstünlüyü var. Tərəflər arasındakı son 9 oyunda “Qarabağ” 7 qələbə qazanıb. “Turan Tovuz”un bir heç-heçəsi, bir də qələbəsi var.
Berdıyevin komandası bu mövsüm çempionatda ən az qol buraxan ikinci kollektivdir – 9 qol. Bu göstəricidə birinci isə “Qarabağ”dır – 6 qol. Qurban Qurbanovun yetirmələri həm də çempionatın ən çox qol vuran komandasıdır – 28 qol.
Favorit kağız üzərində “Qarabağ”dır. Lakin azarkeş amili meydan sahiblərindən yanadır. Eyni zamanda “Qarabağ”dan fərqli olaraq “Turan Tovuz” süni örtüklü meydançada oynamağa daha çox uyğunlaşıb və bu, Avropa Liqasında da mübarizə aparan “Qarabağ”ın çox risk etməməsinə səbəb olacaq. Bu amili də Tovuz təmsilçisi üçün üstünlük hesab etmək olar.
Kamil Əhməd