“Uşaqlar Premyer Liqa səviyyəsinin necə olduğunu gördülər”

II Liqa təmsilçisi “Şahdağ Qusar” Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Araz-Naxçıvan”a uduzub – 0:4.

Bölgə təmsilçisinin futbolçusu Rahid Əmirquliyev “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Favorit “Araz-Naxçıvan” idi. Premyer Liqada yaxşı oynayırlar, avrokuboklar üçün mübarizə aparan komandadırlar. Çətin olacağını bilirdik. Bu oyun bizimçün təcrübə idi. Uşaqlar Premyer Liqa səviyyəsinin necə olduğunu gördülər. Gələcəkdə bu matçdan qazandığımız təcrübələr faydalı olacaq. “Araz-Naxçıvan” layiqli qələbə qazandı”.

“Şahdağ Qusar” II Liqada 8 turdan sonra 24 xalla 1-ci sıradadır. Əmirquliyev hədəflərinin çempionluq olduğunu bildirdi:

“Çempionatda liderik, şükürlər olsun, itkisiz davam edirik. Çalışacağıq ki, mövqeyimizi qoruyaq. Çempionatda güclü komandalar, yaxşı rəqabət var. Çətin olsa da, çalışacağıq yerimizi qoruyaq, hədəfimiz budur”.

Şahin Cəfərov