Baxşıyev: “Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq”

Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Şahdağ Qusar” – “Araz-Naxçıvan” oyunundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki mütəxəssis 4:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib: 

“Bu dəfə Premyer Liqa oyunlarında az və ya heç şans vermədiyimiz futbolçularla meydana çıxdıq. Çünki qarşıda sıx oyun qrafikimiz var. 10 gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq. Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar. Buna görə futbolçuları təbrik edirəm.

Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı. Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlara uğurlar arzulayırıq”.