Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. Birinci oyunda “Turan Tovuz” azarkeşləri önündə “Hypers Guba”nı böyük hesabla məğlub edib – 7:2.
Kubok oyunlarında hər mövsüm belə nəticələr qaçılmaz olur. Premyer Liqa klublarının aşağı liqa təmsiləri ilə duellərdə böyük üstünlük yaratması gözləniləndir.
İki il əvvəl Region Liqasında mübarizə aparan, bu mövsüm II Liqada yarışan “Hypers Guba”nın Tovuz komandası qarşısında şansları demək olar, sıfıra bərabər idi. Buna baxmayaraq, belə böyükhesablı nəticə də təxmin edilmirdi. Kurban Berdıyevin Premyer Liqada “Kəpəz”lə ağır oyundan sonra kubok matçına ehtiyat heyəti buraxacağı düşünülsə də, mütəxəssis demək olar, aparıcı oyunçularla oyuna başladı.
Hücum xəttində Ayxan Hüseynov və Aleks Souza rəqib müdafiəçilərini çaş-baş salmışdı. Hər uzun ötürmə irəli xətt oyunçularının önünə düşürdü. “Hypers Guba” müdafiəsi təcrübəsizlikdən irəli gələn səhvlərlə rəqiblərə “hədiyyə” paylayırdı. 7 qol vuran tovuzlular əllərinə düşən şansları maksimum dəyərləndirsəydi, hesab daha böyük ola bilərdi. Bəzən hücum oyunçuların dəqiq olmaması, bəzən də rəqib qapıçı Elxan Qasımov “çərçivə”də inamlı oynadı.
“Turan Tovuz” asan qələbə ilə növbəti mərhələyə adladı. Görüş həm də Premyer Liqa ilə II Liqa arasındakı səviyyə fərqini – uçurumu önə çıxardı. “Hypers Guba” yeni yaranmış kollektivdir və heyətində Cavid İmamverdiyev, Nurlan Novruzov kimi təcrübəli oyunçular var. Lakin onların da durumu ancaq II Liqa səviyyəsində yaxşı nəticələrə ümid etməyə imkan verir.
Şahin Cəfərov