Premyer Liqada hakim narazılığı – “Kəpəz”lə bağlı maraqlı FAKT

Azərbaycan Premyer Liqasında 11 tur geridə qalıb.

Bu mövsüm çempionatda əsas müzakirə mövzusu komandaların çıxışları ilə yanaşı, oyunlardakı mübahisəli epizodlar, birmənalı qarşılanmayan hakim qərarlarıdır. Sonuncu turda “Kəpəz”, “Şamaxı” bu sarından ən çox and-aman edənlər oldu. Xüsusilə, “şirlər”in baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la oyunda təyin edilən penalti qərarına ciddi etirazını bildirib.

“Qarabağ” – “Şamaxı” oyununun baş hakimi Cavid Cəlilov bu mövsüm 6 oyuna təyinat alıb. Referi bundan öncə sentyabrın 20-də Tovuzda baş tutan “Kəpəz” – “Şamaxı” oyununda ədaləti qoruyub və həmin oyun “Şamaxı”nın qələbəsiylə başa çatıb.

Ümumiyyətlə, Premyer Liqada 11 turda ən çox təyinat alan hakim Əliyar Ağayevdir. FIFA referisi çempionatda 7 matçda işbaşında olub. Sonuncu turda “Araz-Naxçıvan” – “Zirə” görüşündə baş hakim olan Ağayev 7 çempionat matçında 27 sarı vərəqə göstərib, 4 dəfə qapılara penalti təyin edib.

Mübahisəli epizodların olduğu “Turan Tovuz” – “Kəpəz” oyununu isə Rauf Allahverdiyev idarə edib. Referi bu mövsüm ən az təyinat alanlardandır – 4 matç. Maraqlıdır ki, Allahverdiyev bu mövsüm “Kəpəz”in 3 oyununa təyinat alıb və gəncəlilər bu görüşlərdə məğlub olub. “Kəpəz”in matçlarında 18 sarı, 1 qırmızı vərəqədən istifadə edən referi 2 dəfə də penalti təyin edib (biri “Kəpəz”in lehinə).

AFFA Hakimlər Komitəsinin yeni sədri Frank de Bleker əvvəlki turlarda mübahisəli epizodların şərhini verirdisə, bir neçə turdur, o da susqundur. Görünür, Bleker səhvləri başa düşür və referiləri qorumaq niyyətindədir. Yay hazırlığı keçməyən hakimlərin qeyri-qənaətbəxş performansı durmadan artır və funksioner qısa zamanda tədbirlər görməlidir.