Masazırda bir xallıq duel

“Sabah” Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” ilə heç-heçə edib. Masazırdakı “Bank Respublika Arena”da baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra ilk oyunda “Səbail”i 3:1 hesabıyla məğlub edən “Neftçi”dən “Sabah” səfərində də müsbət nəticə gözlənilirdi. “Sabah” oyuna daha yaxşı başlayan, qol epizodları yaradan tərəf idi. “Neftçi” də ara-sıra cinahlardan reydlərlə fərq yaratmağa çalışsa da, demək olar uğursuz oldu. İlk hissədə nə “Neftçi”, nə də “Sabah” ciddi qol imkanı yarada bilmədi.

Fasilədən sonra isə “Sabah” demək olar bütün nəzarəti əlində saxladı. Sona qədər daha yaxşı oynayan, qol axtarışında olan “bayquşlar” penalti qazansa da, bundan da yararlana bilmədi. Yekun nəticə “Neftçi”ni qane edirsə, “Sabah” sərgilədiyi oyunla qələbəyə daha yaxın tərəf idi.

Krunoslav Renduliçin yetirmələri son 4 oyunda qələbə qazana bilməyib. Buna baxmayaraq, əsas rəqibləri – “Zirə”, “Araz-Naxçıvan”dan bir xal qoparan “bayquşlar” avrokubok zonası mübarizəsindən qopmadı.

“Neftçi”də isə komandada qismən canlanma hiss olunur. Buna baxmayaraq, oyunçularda özünəinam problemi davam etməkdədir. Sürətli hücum əvəzinə tempi salmağa çalışan, daha çox arxaya oynayan “ağ-qaralar” üçün qazanılan hər xal hesabdandır. Turnir cədvəlinin 8-ci pilləsində yer alan “Neftçi” 6-cı pillədən cəmi 3 xal geridir. Bir qələbə komandanı sonuncu “üçlük”dən xilas edə bilər. Ötən mövsüm 5-ci olan və avrokuboklardan kənarda qalan “Neftçi”də əsas hədəf “üçlük”dür. Çempionat uzun marafondur və 3-cü pillə ilə arada olan 12 xallıq fərq qapana bilər. Bununçünsə “Neftçi” qışa qədər hər oyunu xallar qazanmalı, oyununu yaxşılaşdırmalıdır.

Şahin Cəfərov