Qurban Qurbanov: “Hakimlikdən çox danışmaq yaxşı hal deyil”

Azərbaycan Premyer Liqasının XI turunun “Qarabağ” – “Şamaxı” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. İlk hissədə çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Çox qol epizodu yarada bilmirdik. İkinci hissədə daha açıq oyun getdi. Hər bir halda, hər qələbə bizimçün çempionatda yerimizi qorumaqçün vacibdir. Oyunun əvvəlində mənə, komandama dəstək olan azarkeşlərə təşəkkür edirəm.

– Oyun nə üçün bu arenada keçirildi?
– Stadionda işlər gedir. Bu ay ola bilər ki, “Azersun Arena”da işlər davam etdiyi üçün burda oynayaq.

– Juninyo nə üçün heyətdə yox idi?
– Bir az son oyunda əzələsində ağrı hiss etdi. Həkimlər çox risk etməyin tərəfdarı olmadıqlarını dedi. Ona görə istirahət verməyi düşündük.

– Hakimliklə bağlı fikirləriniz nədir? Penalti epizodunu necə şərh edərdiniz?
– Hakimlikdən çox danışmaq yaxşı hal deyil. Demək olar, bütün dünyada eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, hansı epizod düzdür, hansı səhv. Qaydalar var ki, biz onu görməmiş, eşitməmişik. Bugünkü penalti də bəlkə, sadə penalti idi. Ümumən, Avropada son oyunlarda gördüklərimdən sonra bizim hakimlərə deyəcək söz yoxdur. İşlərini görürlər. Bəsit sarı vərəqələr və ya qırmızı vərəqələr verilir. Bunun tərəfdarı deyiləm. Hər komanda həftəboyu rəqibə qarşı hazırlaşır, müqavimət göstərmək istəyir. Amma heç nədən verilən vərəqə oyunçuları ehtiyatlandırır, qırmızı vərəqə isə azlıqda qoyur. Artıq planlar da pozulmuş olur. Futbol kaprizli idman növüdür. Hakimlik ağır peşədir. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi də yüksək olmadı. Fasilələr çox idi. Futbolumuz, hakimlik qalxmalıdır.

– Sosial şəbəkələrdə mübahisəli epizodları “Qarabağ”ın oyunlarındakı epizodlarla müqayisə edirlər. Siz özünüz epizodlarla bağlı təhlillər aparırsınız?
– Öz oyunumuzu analiz edirik. Komandanın lehinə və ya əleyhinə epizodları müzakirə edir, nələri aradan qaldırmalı olduğumuza baxırıq. Belə müzakirələrdən uzaq oluruq.

– Avropadakı məğlubiyyətlər komandada ruh düşkünlüyü yaradır?
– Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. İşimiz bir gündən, bir oyundan ibarət deyil. İlboyu matçlarımız, mübarizəmiz davam edir. Belə hallarla hər il üzləşirik. Şükürlər olsun, çalışmışıq, düzgün qəbul edək. İnanıram ki, bu, qarşıdakı oyunlarda bizə psixoloji mane olmayacaq. Peşəkarıq və belə davranmaq istəyirik. İki yolda mübarizə aparırıq. Məğlubiyyətlərdən qaçmaq olmur.

– Avropa Liqasındakı digər rəqibləri təhlil etmisiniz?
– Hər komandaya baxmışam. Oyunlara yaxın daha dərin təhlillər aparacağıq.

Şahin Cəfərov