Azərbaycanda inkişafda olan idman növlərindən biri də voleyboldur. XXI əsrin əvvələrində qızıl dövrünü yaşayan bu sahə son illərdə durğunluqda idi. İstər milli, istər klub səviyyəsində geriləmə müşahidə edilirdi.
2005-ci ildə “Azərreyl”in “Top Komandalar” Kubokunu qazanmasından sonra demək olar, hansısa klubumuzun Avropada ciddi nailiyyəti yoxdur. Hər sahədə olduğu kimi voleybolda da geriləmə qaçılmaz oldu.
Lakin son illərdə voleybol yenidən diqqət mərkəzinə düşüb. Azərbaycanın istər əsas yığması, istərsə də aşağı yaş komandaları bir neçə beynəlxaq turnirdə güclərini sınayıb. Nəticələr qənaətbəxş olmasa da, hər turnir yeni təcrübə deməkdir.
Qızıl dövrdə Azərbaycan millisi ilə yaxşı nəticələrə imza atan Faiq Qarayev indi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti təyin edilib. Onun gəlişindən sonra klublarda və yığmalarda inkişaf məqsədilə işlər görülməkdədir. Hazırda Azərbaycan çempionatı hələ start götürməyib. Davam edən isə ölkə kubokudur. Oktyabrın 25-də start götürən yarış noyabrın 4-nə kimi davam edəcək.
Voleybol üzrə “Abşeron” komandasının məşqisi Famil Ağayev Azərbaycan voleybolunun indiki durumu haqda fikirlərini bölüşdü:
“Bugünkü durum yaxşıdır. Həm böyük komandalar, həm də aşağı yaş qruplarına diqqət artıb. Qadın və kişi komandalar çempionatlarda iştirak edir. Qarşıdan kubok oyunları gəlir. Rəqabət artıb və komandalar güclənir. Kubokun ilk oyununda Xaçmazda “Murov”la qarşılaşdıq. Maraqlı, gərgin keçən oyun qələbəmizlə sonlandı. Qarşıda hələ oyunları var və ona hazırlaşacağıq”.
Mütəxəssis Azərbaycan voleybolunun inkişafı yolunda addımların atıldığını və bu sahənini əvvəlki kimi yenidən uğurlu dönəmlər yaşayacağını qeyd etdi:
“Voleybol 2014/15 mövsümünə qayıdanda Avropada ən güclü çempionatlardan biri də Azərbaycanda idi. İndi o vaxta qayıdırıq. Gənclərimizin yetişməsi də vacibdir. Onlar bizim gələcəyimizdir. Milli komandalarda da yenilənmələr başlayıb. Ümid edirəm ki, görülən işlər faydasını verəcək. Yeni rəhbərlik inkişafa çox diqqət ayırır. Klubların aşağı yaş qruplarında da işlər görülür. İstərdik ki, klublarımız, milli komandalarımız Avropa turnirlərində uğurlu çıxış etsinlər. Yeni mövsümdə həm qızlarda, həm də oğlanlarda komandalarımızın CEV kubokunda iştirak etməsini istəyirik. Bu, həm də reytinqimizə təsir edir”.
Mütəxəssis voleybola marağın artdığını qeyd etdi. Onun sözlərinə görə, xüsusilə, rayonlarda kamplar təşkil edilir, perspektivli gənclər Bakıya dəvət olunaraq, onlar yığma komandalara və klublara cəlb edilir:
“Bütün regionlarda voleybolun inkişafı istiqamətində işlər gedir. Voleybola maraq var və perspektivli gənclər Bakıya dəvət edilir, yaxşı seleksiya işləri aparılır. İnkişaf üçün proseslər addım-addım gedir. Gənclərə diqqət yüksək səviyyədədir və görülən bütün işlər yaxın gələcəkdə bəhrəsini verəcək”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.