Şahin Diniyev: “Yaxşı günlərimiz qabaqdadır”

Azərbaycan Premyer Liqasının XI turunun “Səbail” – “Sumqayıt” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyun haqda danışmaq çətindir. Komandam yaxşı futbol oynadı. Qol imkanlarından, penaltidən yararlana bilmədik. Epizodların tamamlanması üçün keyfiyyət çatmadı. Rəqibin qol vurduğu epizod kimi 6-7 imkanımız oldu, amma qol vura bilmədik. Bunlar səbəb deyil, artıq oyun başa çatıb. Futbol ədalətli oyundur, axırda nəticə gələcək. Autsayder kimi görünürük, amma futbolçularımın bu vəziyyətdən çıxmaq potensialı var. Mülahizələr nəyisə dəyişmir. Nəticə, vəziyyət ortadadır. Paltardəyişmə otağında da dedim, durumdan çıxmaq üçün daha bir olmalıyıq.

– Növbəti oyun “Kəpəz”lədir. Bu matçı dönüş nöqtəsi kimi düşünürsüz?

– Bugünkü oyunu da belə düşünürdük, amma imtahandan üzüağ çıxa bilmədik. “Kəpəz” birinci dövrədəki komanda deyil. Onlar da güclənib. Demək olar, güclənməyən bizik. Heyətlə bağlı problemlərimiz. Hər itki bizimçün problemdir. “Kəpəz”lə indi demək olar, eyni gücdəyik. Kim daha istəkli olacaq, mübarizə aparacaq, o qələbə qazanacaq. Müasir futbol dəyişib. İndi lider oyunçu anlayışı qalmayıb, qələbə istəyirsənsə, komanda oyunu oynamalısan, hər kəs meydanda gücünü qoymalıdır.

– “Sumqayıt” bu mövsüm 10 xalın 6-nı sizdən alıb. Demək olarmı, bu, bir sindroma çevrilib?

– Var, bəlkə də, bəxtsizlikdi. Bu mövsümün ilk oyununda da son dəqiqədə buraxdığımız qolla uduzduq. Hər iki oyunda minimum bir xal qazanmalıydıq.

– Yayda gedən oyunçulardan hansınınsa komandada qalmasını istərdiniz?

– Futbolda bu gün maliyyə böyük rol oynayır. Ötənilki heyətin qalmasını istərdim, amma maliyyə məsələləri var. Bizi bu idarə edir. Futbolçuların da qiymətləri artıq. Amma indi şikayətlənmirəm. Məsuliyyəti atmağa nə var ki? Əlimizdə olan futbolçular budur. Heyətdə gənc oyunçularımız var. Təcrübə ilə yanaşı, nəticə də lazımdır. Gənclərlə isə potensial var. Əfsuslar olsun ki, ötənilki heyət mənim istəyimdən asılı olmayaraq qoruna bilmədi. Heyətin 95 faizi dəyişirsə, artıq yeni komanda quranda nəticələr də sözünü deyir. Nikbinəm, potensialımız var. Təmkinli, səbirli adamam. Daha yaxşı günlərimiz qabaqdadır. İnamım itməyib, özümüz bu situasiyaya düşmüşük və özümüz də çıxacağıq.

– Hansı dəyişikliyi etməyə gücünüz çatmır?

– Hücumçumuz yoxdu. Bu da məhsuldarlığı aşağı salır. İndi 5-6 futbolçu gətirmək imkanımız yoxdu. Qışa qədər bu heyətlə oynayacağıq.

Şahin Cəfərov