“Hələ də çatışmayan cəhətlərimiz var”

“Abşeron” komandasının baş məşqçisi Erhan Toker “Sərhədçi” matçından öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis bunları deyib:

– “Sərhəçi” ilə görüşdən öncə komandada ümumi durum necədir?
– Hazırlıqlarımız yaxşı keçir. Bu həftə bir qədər də çalışmaq şansımız oldu. Hazırda zədəli oyunçumuz yoxdur. Bu axşam daha bir məşqimiz olacaq. Ümid edirəm, hər şey qaydasında olacaq oyuna qədər. Ümumilikdə yaxşı bir həftə keçirdiyimizi deyə bilərəm.

– Rəqibi necə dəyərləndirirsiz?
– Rəqibimizi liqanın yaxşı kollektivlərindən biri hesab edirəm. Heyətləri yaxşı oyunçulardan təşkil olunub. Xüsusilə, legioner oyunçuları da kifayət qədər yaxşıdır. Yerli oyunçuları da liqaya görə yaxşı olduğunu düşünürəm. Baş məşqçiləri Evren Alkaya da bu çempionatın ən təcrübəli məşqçilərindən biridir. 3 ildir burada gözəl işlər görüb. Bu anlamda rəqibə hörmət edirik.

– Ötən həftə komandanın hələ də tam hazır olmadığını vurğulamışdız. Geridə qalan bir həftədə nələr dəyişib?
– Son açıqlamamda “hazır olmaq üçün bizə daha 3 həftə lazımdır”- deyə bir fikir bildirmişdim. Bir həftəsi geridə qaldı. Hələ də çatışmayan cəhətlərimiz var. Bu, oyunçularla bağlı deyil. Əsasən taktiki və texniki tərəfdən axsayırıq. Bunları aradan qaldırmaq üçün bir qədər zaman lazım olur. Qarşıda COP29-la bağlı çempionatda yaranacaq fasilənin bizə müsbət təsir edəcəyini düşünürəm. Məhz bu müddətdən sonra tam hazır ola biləcəyik.