“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”a məğlub olub. Oyunu 9 nəfərlə tamamlayan “atlılar” beləlikdə ardıcıl üçüncü oyunda xalsız qalıb. Komanda yeni formatlı Avropa Liqasında 36 komanda arasında 36-cıdır.
“Ayaks”la oyuna böyük azarkeş marağı var idi. Təxminən 28 minə yaxın fanatın tribunada izlədiyi oyunda “atlılar”a böyük dəstək nümayiş etdirildi. “Qarabağ” matçı daha dinamik başlayan tərəf oldu. Adlı-sanlı “Ayaks” qarşısında hücum futboluna üstünlük verən təmsilçimiz erkən qol belə vurdu, ancaq ofsayda ilişdi.
“Ayaks” oyunun əvvəlində “Qarabağ”ın ciddi müqaviməti ilə üzləşdi. Tempi salmağa çalışan “narıncılar” 15 dəqiqədə hansısa ciddi təhlükə ilə yadda qalmadı. Hər şey “Qarabağ”ın lehinə getdiyi bir vaxtda Julio Romao əks-hücuma çıxan “Ayaks”ın futbolçusuna qarşı kobud oyunla meydandan qovuldu. Bu, demək olar, həm də matçın qırılma ani idi. Oyunun əvvəlindən güclü və kifayət qədər təcrübəsi olan rəqibə qarşı 10 nəfərlə qələbə qazanmaq, xal əldə etmək çətindir. “Qarabağ” da bunun acısını yaşadı. Romaonun yersiz foulu hakim tərəfindən ağır şəkildə cəzaya səbəb oldu. “Ayaks” azlıqda qalan “atlılar”a təzyiq göstərməyə başladı və bunun nəticəsində hesabı açmağa nail oldu.
İkinci hissəyə də aktiv başlayan “Qarabağ” idi. Azərbaycan çempionu azlıqda olmasını hiss etdirmir, qol axtarışına çıxmışdı. Lakin futbolçular arasında səbəbi bilinməyən bir anlaşılmazlıq hiss edilirdi. Juninyo hücumun mərkəzində tək qalmış, yarımmüdafiənin yükünü təkbaşına daşımağa çalışan Marko Yankoviç isə əlavə güc sərf etməli olurdu. Qurban Qurbanovun yetirmələri müəyyən anlarda hücumlara çıxsa da, qapıya düşmək mümkün olmadı. Əvəzində müdafiəçi Kevin Medina sərt oyunla penaltiyə səbəb oldu, daha sonra Elvin Cəfərquliyev isə qırmızı vərəqə almaqla onsuz da uduzan komandasını daha çətin vəziyyətə saldı. “Ayaks”a məğlubiyyət bir baxımdan gözlənilən idi. Hər nə qədər rəqib əvvəlki gücündə olmasa da, Avropa arenasındakı təcrübə çox şeydən xəbər verirdi. “Qarabağ” üçün əsas itki isə növbəti matçda Julio Romao və Elvin Cəfərquliyevin yoxluğu olacaq.
“Ayaks”la oyunda ön plana çıxan isə hakimin qərarları oldu. Sərt futbola imkan verməyən, hər xırda foula görə oyunu dayandıran referi tempin yüksəlməsinə imkan vermirdi. Romaonun qırmızı vərəqəsi və Medinanın penaltisi düzgün qərar idi. Düzdür, belə epizodlar Avropada böyük klubların duellərində nə dərəcə ağır qiymətləndirilir, ayrı məsələdir. Ancaq şotlandiyalı Nikolas Uolş ciddi nöqsana yol verdi demək olmaz. Hər bir halda, xüsusilə, Elvinin “qırmızı”sını “yola vermək” olardı. Onsuz da komanda uduzur, oyunun sonlarıdır, ikinci “sarı” nəyə gərək idi? Güzəştə getmək olduğu halda, ağır cəza verən referi ciddi narazılıq yaratmış, hətta, baş məşqçi Qurbanovu da özündən çıxarmışdı. Bunlara baxmayaraq, artıq oyun geridə qaldı və nəticədə “Qarabağ” növbəti məğlubiyyətini yaşadı.
3 oyundan sonra xal qazana bilməyən “Qarabağ” pley-off şanslarını getdikcə azaldır. Qarşıda “Bodo-Qlimt”, “Olimpiakos”, “Elfsborq” kimi səfər matçları var. Rəqiblər “Tottenhem”, “Ayaks” kimi TOP-5 komandası olmasa da, hər biri bu mövsümkü dinamik oyunu ilə seçilir. “Qarabağ” üçün daha çətin oyunlar qarşıdadır.
36 komanda arasında sonuncu olan “atlılar” növbəti turda “Bodo-Qlimt”dən mütləq xal almalıdır. Əksi təqdirdə, şanslar minimuma enəcək.
Şahin Cəfərov