Tura baxış: “üçlük” dəyişmədi, “Neftçi” qələbəni xatırladı

Azərbaycan Premyer Liqasında X tur başa çatdı. “Neftçi”nin ilk qələbəsini qazandığı turda favoritlər – “Qarabağ”, “Araz-Naxçıvan” və “Turan Tovuz” aktivinə növbəti xalları yazdırdı.

Kəpəz – Qarabağ 0:5

Turun ilk oyunu Tovuzda baş tutub. Lider “Qarabağ” autsayder “Kəpəz” qarşısında rahat qələbə qazanıb. “Atlılar”ın zəif rəqibinə mərhəmət etməməsi sonda böyükhesablı nəticə ilə yekunlaşıb. Görüş “Qarabağ”ın “Ayaks”la oyun üçün hazırlığı kimi oldu desək, yanılmarıq. Qurban Qurbanovun aparıcı oyunçuları startda meydana buraxaraq, onların formada qalmasına çalışdığı hiss olundu. “Kəpəz” isə çətin dönəmlərini keçirir. Son illərdə əvvəlki əzəmətinə qovuşa bilməyən gəncəlilər “Neftçi” qələbəsindən sonra istəkli meydana çıxsa da, arzuları yarımçıq qaldı. “Qarabağ” ikinci hissədə ardıcıl qollarla rəqibinin az olan ümidlərinin də üstündən xətt çəkdi.

Şamaxı – Araz-Naxçıvan 0:1

Mövsümün sürpriz komandası olan “Araz-Naxçıvan” daha bir çətin səfərdən qələbə ilə ayrıldı. Elmar Baxşıyev intizamlı komanda qura bilib və demək olar, qələbələrdə əsas pay sahibi məhz oyun nizamina sadiq qalınmasıdır. Hücum xəttində Felipe Santos, Ramon Maçado effektivliyi ilə seçilir. Müdafiə planında da inamlı təsir bağışlayan “Araz-Naxçıvan” hazırda 20 xalla 3-cü sıradadır və ehtiyatda “Zirə” ilə bir oyunu var.

“Şamaxı” isə kasad heyətlə maksimumu etməyə çalışır. “Araz-Naxçıvan”la oyuna əksər aparıcı oyunçusunun yoxluğu ilə çıxan “şirlər” rəqibinə müqavimət göstərməyə çalışdı. Bəzi anlarda bəxt, bəzi anlarda təcrübəsizlik ön plana çıxdı. Matçın sonlarında komandanın lehinə təyin edilməyən penalti epizodu isə baş məşqçi Ayxan Abbasovun səbr kasasını daşırdı. Matçdan sonra AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerə müraciət edən mütəxəssis bəzi oyunlarda haqqlarının tapdalandığını da iddia etdi.

Hər bir halda, oyun geridə qaldı və təkrarı olmayacaq. Heyətdəki itkilər üzündən sıxıntılar yaşayan Abbasov qış fasiləsinə qədər bu oyunçularla davam etməli olacaq.

Neftçi – Səbail 3:1

Samir Abasovun gəlişi ilə ilk oyunda qələbə qazanan “ağ-qaralar” X turda üç xal həsrətinə son qoydu. “Neftçi”də oyunda müsbət çalarlar hiss edilir. Əvvəlki matçlarla müqayisədə daha sürətli futbol oynayan “Neftçi” Abasovun başçılığı ilə müsbət siqnallar ötürdü. Emin Mahmudovun heyətə qayıtması, bu mövsüm görünməyən Alfa Kontenin yenidən peyda olması və effektiv performansı diqqətçəkən məqamlardan oldu.

Şahin Diniyevin rəhbərlik etdiyi “Səbail” isə uğursuz mövsüm keçirməkdədir. “Dənizçilər” “Neftçi” səfərində rəqibinə ciddi müqavimət göstərə bilmədi. Xüsusilə müdafiədə verilən boşluqlar komandanın məğlubiyyətinə gətirib çıxardı. Gedişat yaxşı görünmür, Diniyev dəyişiklər etməlidir. Komandasının uğursuz seriyası sonlanmasa, mütəxəssisin “Səbail” karyerası qışa qədər çəkməyə bilər.

Zirə – Sabah 1:1

Turun mərkəzi oyunu bərabərliklə başa çatdı. Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Oyun ümumi olaraq, bərabər səviyyədə keçdi. Bəzi anlarda “Sabah”, bəzisində isə meydan sahibləri üstün oyun nümayiş etdirdi. “Futuristlər” oyuna daha yaxşı başlayan tərəf idi. Sürətli hücumlarla erkən qol axtarışında olan “Sabah” istəyinə 7-ci dəqiqədə çatdı. Bundan sonra da qol şansları yaxalayan “bayquşlar” fürsətləri boşa verdi.

Fasilədən sonra üstünlüyünü artıran “Zirə” isə rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdi. “Sabah” bu mövsüm ən çox qol buraxan komandalardandır. Demək olar, hər matç vurduğu qoldan sonra geriyə çəkilən “futuristlər” bu dəfə də bunun acısını yaşadı. Son dəqiqələrdə təzyiqini artıran “Zirə” rəqibini səhvlərə məcbur etdi və istədiyi bərabərlik qolunu vurdu. Heç-heçə iki tərəf üçün da qənaətbəxş nəticədir.

Sumqayıt – Turan Tovuz 2:4

Turun açılış oyunu kimi, bağlanış matçı da bol qollu alındı. Mövsümün iddialı komandalarından “Turan Tovuz” Sumqayıt səfərində 4 qolla 3 xalı qazandı. İlk hissədə “kimyaçılar”ın fərdi səhvlərini bağışlamayan tovuzlular fasilədən sonra da əks-hücumlar sayəsində üstünlüyünü qorudu. Qələbə sayəsində ikinci pillədəki mövqeyini qoruyan “Turan Tovuz”da əsas problem müdafiə xətti ilə bağlıdır. Hücumda inamlı olan tovuzlular son matçlarda müdafiədə boşluqlar verməkdədir və hər matç səhvlərin sayı daha artır. Ultramüdafiə futbolu ilə tanınan Berdıyev problemləri görür və həll yollarını tapmalıdır.

“Sumqayıt” isə Vaqif Cavadovun rəhbərliyi altında ilk oyunda məğlub oldu. “Kimyaçılar” xalsız qalmasına baxmayaraq, sürətli futbol oynamağa çalışdı və bəzi epizodlarda Tovuz komandasına qorxulu anlar yaşada bildi. Vurulan iki qol və ümumi oyun “Sumqayıt”ın növbəti matçları üçün müsbət siqnallar verdi.

Şahin Cəfərov