“Sumqayıt” Azərbaycan Premyer Liqasının X turunda “Turan Tovuz”a məğlub olub – 2:4.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş həm də Vaqif Cavadovun “kimyaçılar”ın “sükanı arxasında” debüt matçı kimi tarixə düşdü. Mütəxəssisin Premyer Liqada məşqçi karyerası uğursuz başladı. Samir Abasovun gedişindən sonra durumunun necə olacağı qeyri-müəyyən olan “gənclik şəhəri” təmsilçisi ümumi planda pis təsir bağışlamadı.
Nəticə tovuzluların 4:2 xeyrinə oldu, buna baxmayaraq, “kimyaçılar” oyunun müəyyən anlarında üstünlüyü ilə seçildi. Abasovun gedişindən sonra komandada dəyişən müsbət məqamlar da ortaya çıxdı. İlk növbədə “Sumqayıt” artıq daha sürətli və daha çox hücuma çıxmağı düşünür. Abasovun dönəmində topla daha çox oynayıb, şans axtaran “Sumqayıt”lılar indi hər topda irəli çıxmağa çalışdı. Nə dərəcə alındı, nə dərəcə yox, başqa məsələdir. Hər bir halda, Cavadovun ilkin toxunuşları sezildi.
Fərdi səhvlərə görə buraxılan qollarla oyunu uduzan “Sumqayıt”da Cavadovla bağlı daha bir diqqətçəkən məqamın şahidi olduq. Mütəxəssis ilk matçında sərt qərarı ilə gündəmə gəldi. Oyuna start heyətdə başlayan Cordan Rezabala komandanın hücumda əsas silahlarından olsa da, ardıcıl səhvləri Cavadovun səbrini daşırdı. Görüşün 28-ci dəqiqəsində əvvəzlənən Cordan meydanı narazı formada tərk etdi. Vaqif Cavadov matçdan sonra Rezabala timsalında digər oyunçulara da mesaj verdi: “Kimliyindən asılı olmayaraq, oynamayan, mübarizə aparmayan futbolçu bu komandada olmayacaq”.
Görünür, Cavadov intizamlı və sürətli komanda qurmaq arzusundadır. Rəhbərliyin buna nə qədər şans verəcəyi isə hələ məlum deyil. Hər bir halda, mütəxəssisin matçsonu iddialı açıqlamaları komandaya əlavə stimul vermiş olacaq.
Şahin Cəfərov