“Neftçi” seriyasını qırdı – Abasov nələri dəyişib?

“Neftçi” Premyer Liqada qələbə həsrətinə son verdi. Baş məşqçi dəyişikliyinə gedən və “sükan”ı Samir Abasova tapşıran “ağ-qaralar” birinci üç xalını “Səbail”lə ev oyununda qazandı. Özü də, 3 qolla. “Neftçi” “dənizçilər”lə matçda həm ilk qələbəni əldə etdi, həm də bu mövsüm ilk dəfə bir oyunda üç qol vurdu.

Abasovun gəlişindən sonra komandanın oyun planında canlanma hiss olunur. İkinci hissədə azlıqda qalmasına baxmayaraq, qol vurmağa çalışan “Neftçi”də artım hiss edilir. Matçdan sonra Samir Abasov qələbədə bütün pay sahibinin futbolçular olduğunu bildirdi. Qısa zamanda nəyisə dəyişməyin mümkünsüz olduğunu bildirən Abasov bir növ futbolçularına əlavə motivasiya verdi.

Maraqlıdır, bu futbolçular bəs Roman Qriqorçukun vaxtında nə üçün oynamır, mübarizə aparmırdılar? Qriqorçukun sistemi başadüşülən deyildi, ya necə? Hər bir halda, komanda ilk qələbəsini yaxşı oyunla qazandı və müsbət məqamlara köklənməyə ehtiyac var. Qriqorçukun “bir qələbə hər şeyi dəyişər” dediyi ifadələr yada düşür. Qələbə gəldi, amma o yoxdur.

Abasov hər nə qədər inkar etsə də, toxunuşları hiss edilir. İndi “Neftçi” topu itirəndə daha çox təzyiq göstərir, daim irəli çıxmağa çalışır. Kapitanlığı əlindən alınan Emin Mahmudovun da heyətə qaytarılması diqqət çəkdi. Görünür, Abasov Qriqorçukdan qalma bəzi neqativləri aradan qaldırmağa başlayıb.

“Neftçi”nin növbəti turda rəqibi “Sabah” olacaq. Abasovun komandada nələri dəyişə bildiyi/bilmədiyi bu oyunda daha aydın olacaq. “Səbail” yaxşı mövsüm keçirmir və üstəlik komandadakı itkilər oyun planında çatışmazlıqlara səbəb oldu. “Neftçi” yaralı rəqibinin boşluqlarından maksimum istifadə edərək ilk qələbəsini qazandı. İndi qalır davamını gətirmək…

Şahin Cəfərov