Samir Abasov: “Hədəflərimiz böyükdür”

Azərbaycan Premyer Liqasının X turunun “Neftçi” – “Səbail” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Komandamdan və məndən gözləntilərin böyük olduğunu bilirəm. İlk qələbə futbolçuların payıdır. Çünki mümkünsüz şeydir ki, məşqçi 4-5 günə nəsə dəyişsin. Futbolçuları təbrik edirəm, görüləcək iş çoxdur. Hər kəsi qələbə münasibətilə təbrik edirəm.

– Komandaya ağır vaxtda gəldiniz…
– Söz-söhbətləri mən də eşidirdim. Amma bura gələndə nə qruplaşma gördüm, nə artıq söhbət. Komanda çox istəklidir.

– Kapitanlıq sarğısını gözlənilmədən Rza Cəfərova verdiniz. Bu haqda nə deyə bilərsiniz?
– Baş məşqçi olaraq bu futbolçuların çoxunu tanımıram. Bildiyim 2-3 oyunçu var idi. Bugünkü qərarım müvəqqətidir, amma daim də ola bilər. Vacib məqam odur ki, futbolçu baş məşqçiyə hörmət etsin, ona tabe olsun. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdi. Bu, mənə xoş oldu. Hazırda məqsəd kapitanın kimliyi deyil, meydandakı durumu düzəltməkdir.

– Qara Qarayevi qaytarmağı düşünürsünüz?
– Klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa cür olardımı? Bu haqda danışa bilmərəm. Qaraya hörmətim və sevgim çoxdur. Onunla futbolçu vaxtlarımızda da bir oynamışıq. Hər zaman onun yanındayam. İnşallah, tezliklə onu meydançalarda görərik.

– Təyinatınızla bağlı xəbərlər çoxdan dolaşırdı. Qriqorçuk komandada olanda sizinlə danışıqlar aparılmışdı?
– Həmin vaxt danışıq olmayıb. Baş məşqçi ola-ola kiminləsə söhbətlər olmayıb. Qriqorçukdan sonra danışıqlar başladı. Razılaşdıq və qarşıya yüksək hədəflər qoyulub. Futbolçuların durumundan asılı olmayaraq, hədəflərimiz yüksəkdir və buna çatacağımıza inanırıq.

– Oyundan sonra Ağadadaş Salyanskiyə yaxınlaşdınız. Onunla nələr danışdınız?
– Məsələləri yerində həll etməyi xoşlayıram. Çünki sonra yadımdan çıxa bilir. Ağadadaşa məsləhətlər verirdim.

– “Sumqayıt”da olan zaman deyirdiniz ki, “şəhərimin komandasındayam”. Amma indi o komandanı çətin durumda qoyduğunuzu düşünmürsünüz?
– O vaxt “Sumqayıt”da idim, indi “Neftçi”də. Sumqayıtlılardan həddindən artıq sevgi gördüm, klub rəhbərliyi ilə yaxşı günlərimiz oldu, ordakı hər kəsə təşəkkür edirəm. Futbolçulara hədsiz minnətdaram. Kömək etdilər ki, uğurlu mövsüm keçirim. İndi bunlar geridə qalıb, hazırda “Neftçi” haqda danışmalıyıq. Artıq burdayıq.

Şahin Cəfərov