Ayxan Abbasov: “Çox narazıyıq, uşaqların haqqına girirlər”

Azərbaycan Premyer Liqasının X turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb…

– Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı. Bəzi futbolçular debüt etdilər. Belə matçlarda qol epizodları az olur. Şanslarımızdan yararlana bilmədik. Rəqib çempionatda nəticəyə oynamağı bacaran ən yaxşı komandalardandır. Uşaqlara bildirdim ki, ruhdan düşməsinlər. Yolumuza davam etməliyik. Bu gün çox şeylə mübarizə aparırıq. Son oyunlar bizə qarşı hakim səhvlərindən çətinlik çəkirik. İkinci hissədə mübahisəli epizod var idi. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bu epizodu şərh etsin. Top açıq ələ dəyir, amma penalti təyin edilmir. Leroy Mikels topu komanda yoldaşına ötürmək istəyir, amma top rəqibin əlinə deyir. Daha əvvəl belə epizodlara penalti verilir. Təəssüf… Desinlər ki, bu oyunda sizin şansınız yoxdur. VAR nə üçün çağırılmadı? Bəlkə, biz qaydaları bilmirik? Digər tərəfdən yolumuza davam edəcəyik. İtkilərimiz olacaq, bu, çətinlik yaradır, ancaq yaxşı olacağıq.

– Hakimlərdən şikayət edirsiniz. Səviyyələri budur, yoxsa qərəzli yanaşmadır?
– Kimisə ittiham etmək istəmirəm. Ötən oyunda da lazımsız vərəqələr oldu. Mert Çelik oyunçumuzu vururdu, amma ona vərəqə verilmədi. Çox şeylər var, bilmirəm. Görünən odur ki, 2-3 turdur, hakim səhvləri var. İstəyirəm ki, Hakimlər Komitəsinin sədri bugünkü epizodu da şərh etsin. “Turan Tovuz”la oyunda 4 dəqiqə əlavə edilmişdi, amma 90+7-də rəqib penalti qazanır. Bu gün də aşağı-yuxarı epizod oldu. Çox narazıyıq, uşaqların haqqına girirlər.

– Heyətin yetərli olmadığını düşünürsünüz?
– Bizim iddiamız Premyer Liqada qalmaqdır. Gələcəyi, problemləri düşünürəm. Nələr olacağını təxmin edib, deyirəm. Hansısa anda belə çətinliklər olacağını bilirdik. Büdcəmizə uyğun heyət qurmuşuq və iddiamız çempionatda qalmaqdır. Bir heyətdən 5 futbolçu olmayanda problemlər qaçılmaz olur. Gənclərimiz debüt edir, futbolumuz qazanır. Amma nəticəyə də təsir edir. Səbirli olmalıyıq.

Şahin Cəfərov