“İşlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur”

“Şəki” basketbol klubunun türkiyəli baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandaların hədəflərindən danışıb:

– Ötən mövsüm “Gəncə” komandasını çalışdırırdınız. Yeni mövsümdən “Şəki”ni çalışdırırsınız. Bu haqda nə deyə bilərsiniz?
– “Gəncə” ilə gözəl mövsüm keçirdim. Heyətdə oyunçu çatışmazlığı üzündən, pley-offa düşə bilmədik. “Şəki”ni də ötən mövsümdən tanıyıram. Yeganə qalib gəldikləri matç bizimlə keçirdikləri 2-ci oyun olmuşdu. Həmin məğlubiyyət bizim pley-off şansımızı itirdiyimiz vaxta təsadüf etdi. Amerikalı basketbolçular üçün motivasiya itmişdi deyə, bizim üçün mövsüm sanki başa çatmışdı. Şəkiyə gəldiyimdə də buranı şəhər olaraq sevmişdim. Burada özümüzü rahat hiss edə biləcəyimiz şərait – Olimpiya İdman Kompleksi var. Bir də ki basketbolda şəhərlər çox önəmli deyil. Biz peşəkarıq. Ona görə də işlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur. Mən sadəcə işimi görürəm.

– Bu mövsüm çempionatda limit dəyişikliyi edildi. İndi artıq daha çox legioner oynatmaq imkanı olacaq. Bu, çempionatın səviyyəsini nə dərəcədə qaldıracaq?
– Çempionatın səviyyəsi qalxacaq. Əvvəla ona görə ki, çempionatda komanda sayı 10-dan 12-yə yüksəldildi. Biz B qrupunda mübarizə aparacağıq. 4+1 sistemi ilə yeni mövsümdə daha səviyyəli legionerlərin klublarda çıxış edəcəyini, daha səviyyəli oyunların baş tutacağını düşünürəm. Məncə, ötən mövsümkü oyunlardakı kimi böyük top fərqli qələbələr olmayacaq. Yerli oyunçular da 1 nəfərlik start heyətə düşmək üçün çalışacaq və özlərini təkmilləşdirmək üçün yaxşı şansları olacağını düşünürəm.

– “Şəki” çempionata “Quba” ilə oyunla start verəcək. Ötən mövsüm “Cəlilabad” adı ilə çıxış etmiş bu komanda haqqında nə deyə bilərsiniz?
– Bəli, “Quba” komandasını tanıyıram. Baş məşqçi Şəhriyar Əsgərov və onun köməkçisi Zaur Paşayev oradadır. Zaur haqda danışmağa gərək yoxdur. Azərbaycan millisinə xidmətləri dəymiş, çempionatın ən yaxşı yerli oyunçularından, “guard” mövqeyində çıxış edən biridir. 4 legioner oyunçu transfer etdiklərini bilirəm. Onların içərisində tanıdığım amerikanlar da var. Güclü komandadır, hazırlıq oyunları ilə daha da yaxşı duruma gəldiklərini düşünürəm. Çətin matçla çempionata başlayacağıq.