“Neftçi” qələbə axtarışında, Zirədə iddialıların dueli

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranmış iki həftəlik fasiləyə “Kəpəz” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Baş məşqçi postuna Samir Abasovu gətirən “Neftçi”nin rəqibi “Səbail” olacaq. “Sabah” “Zirə” səfərinə yollanacaq, “Sumqayıt” isə “Turan Tovuz”u qəbul edəcək. “Şamaxı”nın rəqibi isə “Araz-Naxçıvan” olacaq.

Kəpəz – Qarabağ

Tura Tovuzda start veriləcək. Autsayder “Kəpəz” lider “Qarabağ”la üz-üzə gələcək. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv son oyunda “Neftçi”yə qalib gəlib və düşərgədə müsbət atmosfer var. Buna baxmayaraq, rəqib “Qarabağ”dır və “atlılar” görüşün favoritidir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti həftə “Ayaks”la Bakıda qarşılaşacaq və Avroliqa oyunu öncəsi Qurbanov bir çox oyunçunu risk etməyəcək. Xüsusilə, Tovuzda meydan süni örtüklüdür və belə arenalarda oyunçular zədəyə daha meyillidir. Bu baxımdan “Qarabağ”ın ehtiyat qüvvəyə güvənəcəyi gözlənilir.

Şamaxı – Araz-Naxçıvan

Ayxan Abbasovun “Şamaxı”sı gözləntilərdən artığını bacarır. Mövsümöncəsi autsayder sırasında göstərilən “şirlər” 9 turdan sonra 12 xal toplayıb və 6-cı pillədə qərarlaşıb. Komanda son iki turda xal itkisi yaşayıb. Abasovun komandası ev oyununda qalib gələrək seriyanın böyüməsinə əngəl olmağa çalışacaq.

“Araz-Naxçıvan” isə mövsümün sürpriz komandalarındandır. Son 5 oyunda 4 qələbə qazanan komanda çempionatda 17 xalla 3-cü sıradadır. Elmar Baxşıyevin komandası intizamlı oyunu ilə seçilir. Hücumda daha effektiv olan “Araz-Naxçıvan” “Şamaxı” səfərində mütləq qələbəni hədəfləyir.

Neftçi – Səbail

Turun maraqla gözlənilən qarşılaşmalarından biri “Neftçi Arena”da olacaq. Roman Qriqorçukla yollarını ayıran və baş məşqçi postuna Samir Abasovu təyin edən “ağ-qaralar” 9 turluq qələbəsizlik seriyasına son qoymaq niyyətindədir. Abasov debüt matçından üç xalla ayrılmağın planlarını qurur. “Səbail” də uğursuz mövsüm keçirir. Aktivində iki qələbə olan “dənizçilər” “Neftçi” qarşısında sürpriz etmək arzusundadır.

Zirə – Sabah

Turun mərkəzi oyununda avrokuboklara əsas iddiaçılar üz-üzə gələcək. Rəşad Sadıqovun “Zirə”si artırıb və həm müdafiədə, həm hücumda məzmunlu oyun sərgiləyir. Çempionatda ən az qol buraxan “qartallar” hücumda da effektivdir. Müdafiəsində problemlər yaşayan “Sabah” bu oyunda çətinlik yaşaya bilər.

Maraqlı məqam odur ki, hər iki komanda hücum fazasında yaxşıdır. Bu mövsüm çempionatda ən çox qol vuran komandalardan olan “Sabah” qol yollarında problem yaşamır. Lakin müdafiədəki sıxıntılar düşünməyə vadar edir. Renduliç problemi bilir və keçən fasilədə bunun üzərində çalışıb. 15 xalla müvafiq olaraq 4 və 5-ci yerləri bölüşən komandaların son 4 oyununda “Zirə”nin üstünlüyü var – 3 qələbə, 1 məğlubiyyət. Budəfəki görüşün favoriti isə yoxdur.

Sumqayıt – Turan Tovuz

Samir Abasovun “Neftçi”yə gedişindən sonra “Sumqayıt” müvəqqəti Vaqif Cavadova əmanətdir. Buna qədər əvəzedici komandaya rəhbərlik edən mütəxəssis məşqçi kimi ilk APL təcrübəsini doğma azarkeşlər önündə “Turan Tovuz”a qarşı yaşayacaq. “Sumqayıt”da Abasovun da vaxtında problemlər aşkar idi. Yeni transferlər hələ uyğunlaşmamış, xüsusilə, hücumda ciddi axsaqlılar yaşanırdı. Cavadovun “Sumqayıt”la vaxtı çox olmayıb və komandanın necə oynayacağı maraqla gözlənilir.

“Turan Tovuz” isə mövsümün ikinci sürpriz komandasıdır. Kurban Berdıyevin yetirmələri 9 turdan sonra 2-ci pilləni tutub. Bu mövsümün ən intizamlı komandalarından sayılan Tovuz təmsilçisi “Sumqayıt” səfərində favoritdir.

Şahin Cəfərov