Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun yığmadakı karyerası pis başlayıb. Komanda mütəxəssisin rəhbərliyi altında 4 oyunda 4 məğlubiyyət yaşayıb. Santuş özündən əvvəlki iki əcnəbi məşqçi – Nikolo Yurçeviç və Canni De Byazidən daha pis başlanğıcla yadda qalıb.
2019-cu ilin fevralında milliyə baş məşqçi təyin edilən Nikolo Yurçeviç yığmadakı ilk 4 oyununda 1 heç-heçə edib, 3 dəfə uduzub. Xorvat mütəxəssisin rəhbərliyi altında milli 2019-cu ilin martında Litva ilə yoldaşlıq görüşündə heç-heçə edib. Maraqlı məqamlardan biri odur ki, Yurçeviçin dövründə Azərbaycan yığması Bakıda Slovakiyaya 1:5 hesabıyla uduzub və bu, mütəxəssisin komandadakı rəsmi 3-cü, ümumi 4-cü matçı olub. Yurçeviçin millidəki son oyunu da məhz slovaklara qarşı olub. Koşitsedə Avropa çempionatının seçmə mərhələsi matçında Slovakiya millimizi 2:0 hesabıyla məğlub edib. Yurçeviçin milli karyerası uzun çəkməyib və o, təyin olunduğu ilin sonunda vəzifəsindən göndərilib.
Yurçeviçdən sonra bu posta Canni De Byazi gətirilib. İtaliyalı mütəxəssis komandadakı ilk 4 oyununda 1 dəfə qələbə qazanıb, 2 dəfə uduzub, 1 dəfə də heç-heçə edib. Monteneqro və Lüksemburqa məğlub olan yığma Kipri səfərdə məğlub edib, Bakıda isə “sülh”ə razılaşıb. De Byazi ümumilikdə millidə 39 oyunda 10 qələbə qazanıb, 21 dəfə uduzub.
Santuşun ilk 4 oyunu:
Azərbaycan – İsveç 1:3
Slovakiya – Azərbaycan 2:0
Estoniya – Azərbaycan 3:1
Azərbaycan – Slovakiya 1:3
Yurçeviçin ilk 4 oyunu:
Xorvatiya – Azərbaycan 2:1
Azərbaycan – Litva 0:0
Azərbaycan – Macarıstan 1:3
Azərbaycan – Slovakiya 1:5
De Byazinin ilk 4 oyunu:
Azərbaycan – Lüksemburq 1:2
Kipr – Azərbaycan 0:1
Monteneqro – Azərbaycan 2:0
Azərbaycan – Kipr 0:0
AFFA-nın əcnəbi sevdası uğursuz tendensiya ilə davam etməkdədir. Təcrübəsinə güvənilib, yığmanın sükanı arxasına gətirilən 70 yaşlı Santuş da ümidləri doğrultmur. Hələ qələbəylə tanış olmayan mütəxəssisin ümidi gələn ayda baş tutacaq Estoniya ilə matçdır. Bu görüşdə də qələbə qazanılmasa, Azərbaycan UEFA Millətlər Liqasında D Liqasına yuvarlanacaq.
Gedişat ürəkaçan deyil. İstər Yurçeviç, istər De Byazi, istərsə də Santuşun millidə “bacardıqlarını” istənilən yerli mütəxəssis də bacarardı. Lakin AFFA-nın əcnəbi sevdası uzun illərdir davam edir və görünən odur ki, hələ bir neçə il də yerlilərə millinin qapıları bağlı olacaq.
Kamil Əhməd