Millinin məşqçisi: “Gələcəkdə qapıçı problemimiz olmayacaq”

Azərbaycanın əsas millisi və aşağı yaş qrupları üzrə komandaları uğursuz dönəmdən keçir. Nəticələr qənaətbəxş deyil, narazılıqlar isə günü-gündən daha da artıq. Son olaraq isə Azərbaycanın U-21 yığması səfərdə İngiltərənin U-21 komandasına böyük hesabla uduzub – 0:7.

Bundan başqa, millilərin son matçlarında U-19 komandası Belarusdan iki oyunda 7, U-21 isə iki oyunda (İngiltərə və Şimali İrlandiya) 12 qol buraxıb.

Milli komandada hazırda problemli mövqelərdən biri də qapıçılarla bağlıdır. Azərbaycanın U-19 komandasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında qolkiperlərlə bağlı fikirlərini bölüşdü və gələcəyə inamla baxdığını söylədi:

“Gələcəyimiz üçün yaxşı qapıçılarımız olacaq. Gördüyümüz odur ki, bizim millidəki uşaqlar Premyer Liqa klublarındadırlar. Həm Sadiq Məmmədzadə (“Qarabağ”), həm Səlim Həşimov (“Zirə”) gələcəyin yaxşı qapıçılarından ola bilərlər. İnanıram ki, gələcəkdə qapıçı problemimiz olmayacaq. Həmçinin, digər yaş qruplarında da keyfiyyətli qolkiperlər var. Kamran Ağayev kimi qapıçı yetişdirmək problem deyil. Mən və həmkarlarım lazımı səviyyədə dəstəyini göstərəcək və əsas komanda üçün keyfiyyətli qapıçı hazırlamağa çalışacağıq. İnanıram ki, gələcəkdə bu mövqe üçün problemimiz olmayacaq”.

Şahin Cəfərov