Balakişi bəydən gözləntilər və s. haqda

Azərbaycan U-21 millisi Avropa Çempionatının seçmə mərhələsində İngiltərəyə uduzub – 0:7.

Bu utandırıcı oyun və biabırçı nəticə Rövşən Nəcəf AFFA-sının adına yazılmaya bilər, lakin…

Bəli, uzun illər futbolumuzun vayına oturan Elşad Nəsirov klanı AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov vasitəsilə ölkə futbolunda antimilli, özgüvən kompleksi siyasəti yürütməyi bacardı və bu gün biz o xəyanətlərin “barını” “yeyirik”.

Bəs yeni AFFA rəhbərliyinə nə mane olur doğru iş görməyə?!

Kuluarlarda Rövşən Nəcəfin proseslərin “tormozlanmasına” səbəb olduğu barədə narazılıq sədaları səngimir. Lakin əfsus ki, üzə çıxıb danışan, aşkarlayan yoxdur.

Deyək ki, Rövşən yoldaş son dövrlər mətbuatda ifadə edildiyi kimi, təkəbbürlüdür, qapanıb və s. AFFA-nın idarəetmə strukturunda mühüm vəzifə tutan Sərxan Hacıyev niyə “yoxa çıxıb”?! Baş katib və icraçı vitse-prezident vəzifələrini daşımaq ona ağırmı gəlir?

Elxan Məmmədov da eyni vəzifələri daşıyırdı və elə onun köməkçisi olmuş Hacıyev, heç olmasa, onun yarısı qədər iddialı/təşəbbüskar ola bilmirmi?

Kim/nə mane olur?

Elşad Nəsirov?

Köhnə rəhbərlikdən qalan vitse-prezident Elşad Nəsirovun haqqında heç vaxt müsbət fikir bildirilməyib, ondan müsbət gözləntilər sıfırdır, bəs yeni vitse-prezident Balakişi Qasımov hanı?

Yaxşı xatırlayırıq, “İctimai TV”də AFFA sərt tənqid olunardı, nəinki telekanalın idman verilişlərində, tok-şoularında belə futbol ictimaiyyətinin və medianın müxtəlif nümayəndələri dindirilərdi. O verilişlərdə səslənən cəsarətli fikirlər, tənqidlər, təkliflər sosial şəbəkələrdə bəh-bəhlə paylaşılardı.

Həmin İTV-dir, həmin Balakişi bəydir, bəs aprelin 2-də vitse-prezident olandan niyə həmin müzakirələr daha yoxdur?

Bunlar bir yana, Balakişi bəy AFFA-da rəsmi vəzifə tutandan bəri bircə dəfə olsun futbol mövzusunda müsahibə verməyib.

Əcəba, niyə?

Böhranlı era bitib, yoxsa yeni rəhbərlikdə təmsil olunmağın dezavantajı boğaza sarılıb?!

İndi ictimaiyyətin tribunası olan “İctimai” kanalda Elxan Məmmədov dövrünün “sevimli analitiki” olan Aslan Kərimov danışır əsasən…

Balakişi müəllim isə heç rəhbərlik etdiyi kanalda belə futbolumuz barədə bircə kəlimə kəsməyib ki, bilək böhrandan çıxış, inkişaf üçün ideyaları nədir, ümumiyyətlə, futbola baxışı nə cürdür…

Susqunluq acınacaqlı ətaləti dərinləşdirir. Bu forma, bu gedişat uçurumun kandarında olan futbolumuzun vayına oturacaq.

Mümkünsə, “Dadaşlinski” ironiyası qədər olmasa da, heç olmasa, nəsə danışın, müzakirə edin. Lağ etdiyiniz, məsxərəyə qoyduğunuz Elxan Məmmədov iki ildir ki, “aradan cırıb”, indi AFFA-da sizsiniz…

0:7 və s. gələcəyi qaranlığa sürükləyən məqamlar.

Buyurun…

Elçin Cəlilov