Veteran oyunçudan sərt sözlər: “Millinin adı var, futbolu yox”

“Millidən nə danışasan? Adı var, futbolu yox, sadəcə biabırçılıq…”

Bu sözləri “FutbolPress“ə açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Ramal Hüseynov söylədi. Veteran oyunçu yığmanın Millətlər Liqasında Estoniya (1:3) və Slovakiyaya (1:3) məğlubiyyətləri haqda fikirlərini bölüşdü:

“Məğlub olmaq olar, amma futbol oynamaq lazımdır. Nə istək var, nə mübarizə. Problemlər çoxdur. Milli komanda yenilənməlidir. Bir neçə oyunçunu çıxmaqla demək olar, heç kim can yandırmır. Hamı bir nəfər kimi mübarizə aparmalıdır”.

Hüseynov yığmadakı bəzi futbolçuları kəskin şəkildə tənqid etdi:

“Bir yerdən başlamaq lazımdır. Baş məşqçidən tutmuş oyunçulara qədər hamısını dəyişməyə ehtiyac var. Yenə deyirəm, məğlubiyyətlər olar, amma futbol oynamaq vacibdir. Belə artistliklərlə insanı futboldan iyrəndirirlər. Estonlar bizə futbol dərsi keçdi, necə oynamaq lazım olduğunu göstərdilər. Bizim bəzi futbolçularımız özlərini “ulduz” hesab edir. Onları bu səviyyəyə qaldıranda da günah var. Nə etdilər, hansı Avropa klubunda yaxşı oynadılar ki, indi özlərini belə göylə aparırlar? Çox danışmaq olar e, bir sözlə, futbolumuz biabırçılıqdır”.

Veteran futbolçu çıxış yollarından söz açdı:

“Çıxış yolu yenilənməkdir. Heyət tamamilə dəyişməlidir. Futbolu bu sahəni yaxşı bilənlər idarə etməlidirlər. İndiki məqamda gələcəyə ümidlə baxmağa nəsə yoxdur. Bəzi veteranlar pul güdür, millini düşünən yoxdur. Rəhbərlik üçün də əsas pullardır, heç kim futbolun gələcəyini düşünmür”.

Şahin Cəfərov