“Tülkü həccə gedir” tərzində illərlə AFFA-nı şəxsi ambisiyalar naminə poliqona çevirən Rövnəq Abdullayev dönəminin Elxan Məmmədov səhifəsi cırılandan sonra aprelin 2-də “kral öldü”…
Yaşasın yeni kral?
Belə kral olar?! Rövşən Nəcəf “mən kral deyiləm” desə də, Osmanlı dövrünün ən uğursuz, xudpəsənd sultanı III Mustafaya bənzəyir.
Mus-mus deyib duran bütün futbol əhli Rövşən yoldaşın təkəbbürü qarşısında naəlac qalıb.
Artıq yarım il keçib, lakin futbolumuzun inkişafı üçün real heç bir platforma görmürük.
Əlindən gələni edib, Marketinq Departamentinə rəhbər gətirdiyi Aysu İbrahimlidən başqa heç bir təyinat-məyinat yoxdur.
İnsafən, Rövşən yoldaş “Neftçi”nin vayına oturmasından sonra klubdan AFFA-ya gətirdiyi Aysu xanımın futbola heç bir aidiyyatı olmamasından narahat da deyil. Bu sahəni bilməməyi sayəsində “Neftçi”ni rəzil günə qoyub. Sanki qeybül-aləmdən gələn səda əsasında AFFA-nın başına oturduldu. İslahatının gözü-qaşı olan Aysu xanım da onun etimadını doğruldur…
Əvvəlcə “bu iş bizə aid deyil” deməklərlə yola verirdi. Sonra bu reaksiyadan bəraət kimi istifadə etmək limiti bitdiyindənmi-vəlvələdənmi, tamamilə yoxa çıxdı.
AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında iştirak edən futboldan uzaq xanım “rövşən nəcəfvari” ixtiralar üçün inzivaya çəkilmişdir. Gözləyək, filfilo olacaq…
Çevrilək AFFA-ya tərəf. Görək sehirli qutudan çıxarıb gətirdikləri Santuşun 4 oyuna 4 məğlubiyyətindən sonra “2028-dək vaxtımız var” deməyinin abırsızlığı necə olacaq. Axı Rövşən yoldaş Azərbaycan futbolunun inkişaf strategiyasını belçikalılara yazdırırdı, Santuş niyə onların əvəzinə vəd verir?
Çox absurd, axmaq, xaotik bir durum əmələ gəlib. AFFA-nın yeni rəhbərliyi heç ümumiyyətlə bilmir nəyə, hardan və necə başlasın. Uşaq futbolunun bərbad durumu üçün heç nə edilmir, bütün yaş qrupları üzrə millilərimiz heç vaxt olmadığı qədər uğursuz nəticələrə uğramaqdadır, infrastrukturun qurulması adına addım görülmür və s. və s.
Çıxış yollarını göstərənlər vecə alınmır, ümumiyyətlə, AFFA-da soyuq intriqa ocaqları yaranıb. Rövşən Nəcəfin işi bilməməyi boynuna almayıb, təkəbbür göstərməsi, öz bildiyini etməsi, digər səlahiyyətliləri saymaması haqda məlumatlar isə günü-gündən artır.
Bu xaotik ətalət haçanadək gedəcək…
Kamil Əhməd