Abasovdan sonra qazanılmayanlar…

“Neftçi”nin yeni baş məşqçisi məlum olub. “Ağ-qaralar”ı bundan sonra Samir Abasov çalışdıracaq.

Mütəxəssis məşqçi karyerasında ikinci dəfə paytaxt klubuna rəhbərlik edəcək. O, daha öncə 2020-ci ilin yayından 2022-ci ilin iyununa qədər “Neftçi”ni çalışdırıb.

Flaqman onun rəhbərliyi altında 59 oyuna çıxıb. “Neftçi” bu matçlarda 32 qələbə qazanıb, 14 dəfə uduzub. “Ağ-qaralar” 13 matçdan isə bərabərliklə ayrılıb.

“Neftçi” Premyer Liqada son çempionluğunu da məhz Abasovun dönəmində əldə edib. 2020/21 mövsümünün yarışında komanda sonuncu turda “Qarabağ”ı minimal hesabla məğlub edərək (1:0) qızıl medalların sahibi olub.

Abasovla bağlı digər maraqlı məqam isə “Neftçi”nin axırıncı dəfə onun rəhbərliyi altında “Qarabağ”a qalib gəlməsidir. Çempionluq matçında qazanılan qələbədən üç il keçməsinə baxmayaraq, “Neftçi” hələ “Qarabağ”ı üstələyə bilməyib.

Baş məşqçi Roman Qriqorçukla mövsümə uğursuz start verən “Neftçi” 9 turda hələ qələbə qazana bilməyib. Abasovun ilk sınağı isə “Səbail”ə qarşı olacaq. Oktyabrın 19-da keçiriləcək “Neftçi” – “Səbail” oyununa saat 18:00-da start veriləcək.

Şahin Cəfərov