Azərbaycan millisi UEFA Millətlər Liqasının IV turunda bu gün Slovakiyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 3 turdan sonra xalsızdır və 4 komanda arasında sonuncu sırada qərarlaşıb. Milli bugünkü oyunda xal itirsə, qrupda ilk iki sıranı tutmaq şansı qalmayacaq.
Belə ki, İsveç və Slovakiya hazırda 7 xalla müvafiq olaraq 1 və 2-ci pillədə qərarlaşıb. Milli slovaklara qalib gələ bilməzsə, qarşıdakı iki turda qələbə qazansa belə, mərhələ keçmək şansı qalmayacaq. Slovakiya üzərində qələbə isə kiçikdə olsa, komandanı ümidləndirə bilər.
Azərbaycan yığması növbəti iki turda müvafiq olaraq Estoniya ilə Bakıda, İsveçlə isə səfərdə qarşılaşacaq. Qazanılacaq ardıcıl üç qələbə və Slovakiyanın xal itirməsi komandanı ikinci kimi pley-off mərhələsinə adlada bilər. Bunun üçün eyni zamanda Estoniyanın da xal itirməsini gözləmək lazım olacaq.
Kamil Əhməd