Slovaklarla 12-ci duel: üstünlük onlardadır

Azərbaycan millisi UEFA Millətlər Liqasında IV turda Slovakiyanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan millisi rəsmi oyunlarda buna qədər 11 dəfə bu rəqiblə üz-üzə gəlib. Komandaların ilk dueli 1995-ci ildə Koşitsedə olub. Həmin görüş slovakların qələbəsiylə başa çatıb – 4:1. Son duel də məhz bu şəhərdə olub və slovaklar yenə milliyə qalib gəlib – 2:0.

Ümumiyyətlə, 11 oyunun 9-da Slovakiya, 2-də Azərbaycan yığması qələbə qazanıb. Komandalar arasında hələ bərabərlik qeydə alınmayıb. Qol nisbətində də slovaklar üstündür. Azərbaycan millisinə 23 qol vuran komanda qapısında 7 qol görüb.

Slovakiya Millətlər Liqasının C Liqasının 1-ci qrupunda 7 xalla 2-ci sıradadır. Azərbaycanın isə xalı yoxdur və 4 komanda arasında sonuncudur.

Kamil Əhməd