Türkiyəli mütəxəssis: “Gəncəni layiqli təmsil etmək istəyirik”

Azərbaycan basketbolu yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə bu sahəyə artan maraq, çempionatda rəqabətin artması istər əcnəbi oyunçu, istərsə də məşqçilərin diqqətini çəkib. Klublarda demək olar, kifayət qədər legioner oyunçular var və onlar öz təcrübələri ilə yerli oyunçuların inkişafına töhfələrini verəcək.

Yeni mövsümdə Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Gəncə”nin sükanı isə türkiyəli mütəxəssis Halil Atlıya tapşırılıb. Daha əvvəl ölkəsində “Pektim”də işləyən mütəxəssis bu dəfə gücünü Azərbaycanda sınayacaq.

Halil Atlı ilə Azərbaycana gəlişi, ölkə basketbolunun durumu, yerli oyunçuların potensialı və Türkiyədəki basketbolla aradakı fərqlərdən danışdıq:

“Azərbaycana ilk gəlişim deyil. Daha əvvəl Bakıda səfərdə olmuşam. Gəlib gördüyüm zaman ölkəni çox bəyəndir. Burada yaxşı əlaqələr qurduq və bu, davamlı oldu. Özümü Azərbaycanda sınamağı çox istəyirdim. Yayda təklif alandan sonra artıq gəlməyə qərar verdim. Birinci hədəfim ölkəmi və rəhbərlik etdiyim “Gəncə”ni yaxşı təmsil etməkdir. Bunun üçün çox çalışacam”.

Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrın 18-də start veriləcək. Mütəxəssis çempionatla bağlı fikirlərini bölüşdü:

“Azərbaycan çempionatı yenidir. Lakin daha əvvəl burda tanışlarım var idi və çempionatı yaxından izləyirdim. Çempionat yeni olmasına baxmayaraq, hər oyun mübarizəli və gərgin keçir. Hər mövsüm inkişaf hiss edilir. Əcnəbi oyunçuların profilləri də bundan xəbər verir. Eyni zamanda yerli oyunçuların inkişafından da danışmaq lazımdır. Onlar da əvvəlki illərə nisbətən artırıblar. Aşağı yaş qrupları üzrə milli komandalar yaxşı nəticələrə imza atır. Üç mövsümə görə yaxşı inkişaf var. Burda Azərbaycan Basketbol Federasiyasının da dəstəyi və rolu önəmlidir”.

Basketbol Azərbaycanda son illərdə inkişaşa başlayıbsa, Türkiyədə artıq uzun müddətdir bu sahədə uğurlu nəticələr əldə edilir. “Fənərbağça”, “Anadolu Efes” kimi klublar Avropa çempionatlarında dünya nəhənglərinə qalib gəlir, ölkənin reytinqini artırırlar. Halil Atlı Türkiyə basketbolunun inkişafı və Azərbaycanın bu istiqamətdə atmalı olduğu addımlardan danışıb:

“Türkiyədə basketbolun tarixi qədimdir. Bu ölkədə basketbol daha çox sevilən idman növlərindəndir. İnsanlar 90-cı illərdən xüsusi maraqla bu idmana yönəliblər. Komandalar böyüdü, sponsorlar cəlb olundu və basketbola yaxşı maliyyə qoyuldu. İndi bunun faydasını alırlar və Türkiyə Avropa yarışlarında bir çox komanda ilə təmsil olunur. Bunlar qısa yox, uzunmüddətli işlərin bəhrəsidir. Əvvəlcə hər şey vizyonla başlayır. Bəhanələr söyləmək asandır. Lakin qarşına hədəf qoymaq, bu yolda irəliləmək, lazım olan qədər peşəkar davranmaq və düzgün istiqamətlənmək şərtdir. Bilirəm ki, gələcəkdə Türkiyə basketbolunda daha yaxşı nəticələr əldə ediləcək. Azərbaycan basketbolunun da potensialı var. Bilirəm ki, hədəflərə qısa zamanda çata biləcəklər. “Sabah” artıq bu mövsüm ölkəni Avropa arenasında təmsil edir. Azərbaycan Basketbol Federasiyası da klubların inkişafı üçün maliyyə dəstəyinin tapılması, artırılması üçün canla-başla çalışır. Bunlar davamlı olduqdan sonra Azərbaycan da Avropada daha çox komanda ilə təmsil olunacaq. Çəkilən əziyyətlərin qarşılığı olur və Azərbaycanda da düzgün addımlarla uğurlara yol alacaq”.

Mütəxəssis “Gəncə”dəki hədəflərindən söz açdı:

“Yeni mövsümdə ilk hədəfimiz şəhəri və buranın sakinlərini ən yaxşı şəkildə təmsil etməkdir. Onları oyunlardan yaxşı nəticələr ilə yola salmaq istəyirik. Gəncə çox gözəl və qədim şəhərdir. Basketbol Federasiyasının bura ilə bağlı uzunmüddətli planları var. Bunu başlanğıcdan sürətləndirmək istəyirəm. Bu şəhəri yenidən pley-offlarda oynatmaq niyyətindəyik. Məqsədimizə addım-addım irəliləməkdir. Oyunçularıma da izah edir, hər fürsətdə dilə gətirirəm ki, bunu bacaracaq gücümüz və komanda yaxşı hazırlıq dönəmi keçib. Ümid edirəm ki, bizim üçün yaxşı və hədəflərə çatılmış mövsüm olar. Gəncəni Azərbaycan çempionatında layiqli təmsil etmək istəyirik”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.