Santuş: “Oyun bizim xeyrimizə bitməli idi, amma…”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniyaya uduzduqları görüşdən (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna yaxşı başladıq. 35 dəqiqə kompakt oynadıq və demək olar, rəqibə şans vermədik. Lakin futbol belədir. Rəqibin qolundan sonra ruh düşkünlüyü olsa da, qısa zamanda toparlanıb, hesabı bərabərləşdirdik. Ancaq rəqib yenə əlavə vaxtda fərqləndi. Fasilədə qeyd etdim ki, ikinci hissəyə əvvəlki 35 dəqiqə kimi başlamalıyıq. Rəqib də ağıllı komandadır. Onlar müdafiəyə çəkilib, əks-hücumlara bel bağladılar. Şanslarımızdan yararlana bilmədik. Lakin yenə deyirəm, qol vura bilmirsənsə, rəqib bundan faydalanır. Onlar müdafiədə də kompakt oynadılar və bizə boş yer buraxmadılar.

-Məğlubiyyətə seçdiyiniz taktiki sxemin hansısa təsiri oldu?

– Əvvəlcə 3-4-3 sxemi ilə oynayırdıq. 4 qol şansımız oldu, amma istifadə edə bilmədik. Rəqib əks-hücumlardan yaxşı yararlandı. Komanda ilk hissədə bacardığının yaxşısını etdi. Onlara 35 dəqiqə qapıya zərbə vurmaq şansı vermədik. Oyun bizim xeyrimizə bitməli idi, amma nəticə belə oldu. 

– Əlinizdə olan oyunçuların potensialları yetərlidir?

– Futboldur, belə şeylər olur. İsveçlə matçda da şanslarımızdan yararlana bilmədik. 3 oyuna 8 qol buraxdıq. Əsas problemlər müdafiədir. İrəlidə şanslar yarada bilirik. İşimizi davam etdirib, çatışmazlıqlar üzərində işləməliyik. Vaxt lazımdır. 1-2 həftəyə bunları həll etmək mümkün deyil.

– Oyunda yeni taktikadan istifadə etdiniz. Cəsarətlidir, amma bunun arxasında güc yoxdur. Seçdiyiniz taktikadan imtina edəcəksiniz?

– Taktikanı dəyişməyi düşünmürəm. Hücum futbolu oynayacağıq. Bir yolu seçmişik. Əlimizdə olan oyunçularla bu taktika ilə oynayacağıq. Yarımmüdafiədə 4 oyunçu olacaq. Taktikanı dəyişməyi düşünmürəm.

– Elvin Cəfərquliyev bu gün yaxşı çıxış etdi. Onun gələcəkdə hansısa yaxşı bir komandasına keçməsinə töhvə verə, hansısa bir yoldaşınıza onu məsləhət görə bilərsiniz?

– Elvinin hücum tərəfi yaxşıdır, amma müdafiədə o qədər güclü deyil. Sol cinahda oynayırsansa, sürətli olmalısan və müdafiə ilə hücumda etibarlı oynamalısan. Öz üzərində işləməlidir ki, xarici klublara keçmək şansı olsun. Hücumda və müdafiədə eyni səviyyədə oynamaq çətindir.

– Kapitan nə üçün Abbas Hüseynov oldu?

– Düşünürəm ki, o, yaxşı kapitandır. Əsas kapitan Bədavidir, amma o da Azərbaycan dilində yaxşı danışa bilmir.

Şahin Cəfərov