Estoniya ilə oyuna doğru: statistika nə deyir?

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv III turda Tallində Estoniyanın qonağı olacaq.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparır. Santuşun yetirmələri bundan öncə Bakıda İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) məğlub olub. Estoniya ilə görüş millinin ardıcıl ikinci səfər matçı olacaq.

Milli estonlarla dueldə mütləq qələbə qazanmalıdır. Üç xal həm komandanın şanslarını saxlayacaq, həm də Slovakiya ilə Bakıdakı oyundan öncə əlavə motivasiya olacaq. Ötən il komandaların burdakı duelində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanmışdı. Həmin görüşdə fərqlənən Toral Bayramov və Ramil Şeydayevin bugünkü matçda da oynayacağı gözlənilir.

Ümumiyyətlə, Estoniya milli üçün tanış rəqibdir. Azərbaycan yığması bu komanda ilə son iki rəsmi matçda bir heç-heçə edib, bir dəfə qələbə qazanıb. Estonlar qrupdakı əvvəlki matçlarında qol vura bilməyib və Slovakiyaya 0:1, İsveçə isə 0:3 hesabıyla uduzub.

Estonların heyətində Avropanın TOP-5 çempionatlarında oynayan futbolçular var. Qapıçı Karl Hein komandanın ən dəyərli oyunçusudur. İspaniyada “Valyadolid”də çıxış edən qolkiperin qiyməti 2 milyon avrodur. Estonların hücum xəttində təcrübəli adlar var. Vaxtilə “Qəbələ”də oynayan Sergey Zenyov, ötən mövsümü “Sumqayıt”da keçirən Erik Sorqa və komandanın son illərdəki əsas qol ümidi Henri Anyer də oyun üçün baş məşqçi Yurgen Hennin sərəncamında olacaq.

Estoniya millisi son 10 oyunda cəmi 2 qələbə qazanıb. Komanda yayda keçirilən Baltika Kubokunda Litva və Farer adalarına qalib gəlib. Komandanın bundan öncə isə 8 oyunluq məğlubiyyət seriyası var. Ümumiyyətlə, Estoniya yığması UEFA turnirlərində sonuncu dəfə 2022-ci ilin sentyabrında Millətlər Liqasında San Marinonu məğlub edib – 4:0. Komandanın UEFA yarışlarındakı sonuncu ev qələbəsi də həmin vaxtda Maltaya qarşı olub (2:1).

Azərbaycan millisi isə UEFA yarışlarında sonuncu dəfə məhz estonları səfərdə məğlub edə bilib – 2:0.

Statistika millimizin xeyrinədir. Qalır meydanda gücü, keyfiyyəti göstərmək. İki gün öncə 70 yaşı tamam olan baş məşqçi Santuş qələbə ilə həm özünə, həm də Azərbaycan xalqına yaxşı hədiyyə edə bilər.

Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda baş tutacaq.

Kamil Əhməd