“Neftçi” Premyer Liqada 9 turdan sonra 5 xalla 9-cu sıradadır. “Ağ-qaralar”da komandanın uğursuz nəticələrinə görə baş məşqçi Roman Qriqorçukla yollar ayrılıb.
Paytaxt klubunun keçmiş futbolçusu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında komandanın durumunu şərh etdi:
“Neftçi”ni elə günə qoyublar ki… Nə danışasan, nə deyəsən? Klubdan heç nə qalmayıb, bir emblem idi, onu da dəyişdilər. Ürəkağrısı ilə bu sözləri deyirəm. Hər oyundan sonra necə əsəb keçirirəm, Allah bilir. Futbolçular meydana oynamağa yox, gəzməyə çıxırlar”.
Mütəxəssis ukraynalı mütəxəssisin “Neftçi”də düzgün siyasət aparmadığını əlavə etdi:
“Qriqorçuku bəh-bəhlə gətirdilər, amma bir şey olmadı. Onun məşqçiliyi demək olar, sıfır. Gətirdiyi oyunçular da normal deyil. Siyasəti isə vapşe bərbad oldu. Sən uzun illər kapitan olan Emini niyə liderlikdən çıxarırsan? Oynaya bilmir, qoy ehtiyata, başqası meydana kapitan kimi çıxsın. Amma birdəfəlik kapitanlığı almaq nədir? 10-15 gündü kluba gələn kapitan olur. Nə etdilər, nə qazandılar ki, bunu onlara verirsən?”
Hüseynov “ağ-qaralar”ı yerli məşqçinin çalışdırmalı olduğunu da qeyd etdi:
“Neftçi”yə yerli məşqçinin təyinatının tərəfdarıyam. Amma gələn də bəhanələr etməməlidir, özünə inanmalıdır ki, vəziyyəti düzəldəcək. İnanıram, bilirəm ki, komanda mövsümün sonunda 3 ya 4-cü sırada olacaq”.
Şahin Cəfərov