Azərbaycan millisi UEFA Millətlər Liqasının III turunda sabah Estoniya ilə qarşılaşacaq. Tallində baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan yığması tarixində 5-ci dəfə səfərdə bu rəqiblə üz-üzə gələcək. Buna qədərki görüşlərin 4-ü yoldaşlıq, 1-i rəsmi olub. Yeganə rəsmi matç ötən ilin oktyabrına təsadüf edib və Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.
Komandalar buna qədər ümumilikdə 10 oyunda üz-üzə gəlib. Bu matçların 2-də Azərbaycan yığması, 3-də estonlar qələbəyə sevinib. 5 matçda isə qalib müəyyənləşməyib.
Estoniya millisinin Millətlər Liqasının bu mövsümündə iki turda hələ qələbəsi yoxdur. Komanda İsveçə 0:3, Slovakiyaya isə 0:1 hesabıyla uduzub. Qələbə görməyən estonlar qol da vura bilməyib.
Azərbaycan millisinin də xalı yoxdur. Komanda bundan əvvəl İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabıyla uduzub. Estoniya səfəri turnirdə xal qazanmaq baxımından önəmli matçdır. Estoniyanın heyətinin dəyəri 11, Azərbaycanın isə 15 milyon avrodur. UEFA sıralamasında da önündə olduğumuz rəqibi məğlub etmək mütləqdir.
Qələbə həm ilk xalları qazandıracaq, həm də Slovakiya ilə ev oyunu öncəsi komandaya inamı qaytaracaq. Milli yeni baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında hələ iki matç keçirib. Mütəxəssis hər açıqlamasında iddialı fikirlər səsləndirir, qalib mentalitetinin yeridilməsindən söz açır. Bu minvalda estonlarla duel komanda üçün mühümdür. İtiriləcək xala artıq don geyindirmək çətin olacaq və narazılıqlar yenidən artacaq.
Kamil Əhməd