“Yaşlandıqca daha yaxşı oynayıram” (MÜSAHİBƏ)

“Sabah”ın futbolçusu Boyan Letiçin “FutbolPress“ə müsahibəsi:

– Premyer Liqada 9 tur başa çatıb. I dövrəni necə dəyərləndirirsiniz?
– Daha çox xal qazana bilərdik. Buna baxmayaraq, ötən ilin birinci dövrəsinə baxanda daha çox xal yığmışıq. Amma daha artığına layiq idik. Xüsusilə, ev oyununda çox xal itirdik. Hazırda 5-ciyik və bu, məni qane etmir. Hamımız yüksək yer uğrunda çalışırıq.

– İtkilər mövsümün əvvəlində daha çox oldu. Buna baxmayaraq, sonradan qələbələri sıralaya bildiniz. Mövsümün əvvəlində bunu etmək nə üçün alınmadı?
– Düzü, cavab verməkdə çətinlik çəkirəm. Hər oyuna qələbə üçün çıxırıq və əlimizdən gələni edirik. Ola bilsin, mövsümün əvvəlində sıx qrafikdə olmağımız nəticələrə təsir etdi.

– Komandada artıq üçüncü mövsümünüzdür. Gəlişinizdən bu yana “Sabah”da nələr dəyişib?
– Komanda bu illər ərzində çox inkişaf edib, yaxşı nəticələr qazanıb. Gəldiyim ildə komanda yaxşı futbolu ilə seçilə bildi. Daha sonra çempionatda gümüş medalları qazandıq. Həm də klub tarixində rekord xal topladıq. Avrokuboklara vəsiqəmizlə daha irəlilədik və vaxt keçdikcə daha da inkişaf edirik. Hər il əsas hədəfimiz Avropaya getməkdir. “Sabah”la avrokuboklarda qruplarda oynamaq istərdim. Klub buna layiqdir.

– Bu mövsüm hədəfə gedən yolda kimləri rəqib görürsünüz?
– Bütün komandalar güclənib. Çempionatda yaxşı rəqabət var və hamı bir-birini məğlub edə bilər. Həm də nəzərə alaq ki, hələ çempionatın birinci dövrəsi geridə qalıb. Qarşıda oyunlar çoxdur.

– Şəxsi oyununuzu necə dəyərləndirirsiniz?
– Məncə, yaşlandıqca daha yaxşı oynayıram (gülür). Statistika da bunu deyir.

– Hazırda çempionatda fasilədir. Pauza komanda üçün faydalıdır?
– Fasilə hamı üçündür. Növbəti oyunlarda bunun komandalara necə təsir etdiyini görəcəyik.

Şahin Cəfərov