Azərbaycan millisinin futbolçusu “Xankəndi”də

23 yaşlı futbolçulardan ibarət Azərbaycan minifutbol yığmasının heyətində hal-hazırda Xorvatiyada keçirilən Dünya çempionatında iştirak edən daha bir futbolçu bundan sonra “Xankəndi” klubunda çıxış edəcək.

Futbolpress.az xəbər verir ki, bu, 22 yaşlı Valeh Qəhrəmanlıdır.

7 yaşından 14 yaşına kimi “Bakı” futbol klubunun kiçik yaş qruplarında oynayan Qəhrəmanlı, 14 yaşında “Neftçi” futbol klubuna keçid edərək, Flaqmanın əvəzedici heyətinə kimi yüksəlib və ölkə çempionu adını qazanıb.

Bundan əlavə, gənc yarımmüdafiəçi Birinci Liqada çıxış edən “Zaqatala” və “Difai” klublarında da forma geyinib.

Milli komandalara gəlincə, Valeh Qəhrəmanlı 15-19 yaş arası bütün Azərbaycan yığmalarının şərəfini qoruyub.