Qriqorçuk və “Neftçi” üçün “qara dönəm”

Ukraynalı mütəxəssis Roman Qriqorçukun “Neftçi”dəki günləri başa çatdı. Klub rəhbərliyi komandanın uğursuz nəticələrinə görə mütəxəssislə vidalaşmaq qərarına gəldi.

Qriqorçuk bu ilin iyununda “Neftçi”yə baş məşqçi təyin edilmişdi. Onun təyinatından sonra “ağ-qaralar”ın azarkeşləri ümidlənmiş və mövsümdə iddialı “Neftçi” görəcəklərinə inanmışdı. Bunun səbəbləri də var idi: Qriqorçuk daha əvvəl Azərbaycanda “Qəbələ” ilə yaxşı nəticələrə imza ataraq adından söz etdirməyi bacarmışdı.

Ancaq ikinci Azərbaycan səfəri uğursuz alındı. “Neftçi” onun rəhbərliyi altında keçirdiyi 9 rəsmi oyunda qələbə qazana bilmədi. Premyer Liqada 5 heç-heçə edən “ağ-qaralar” hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

“Neftçi” Qriqorkuçun karyerasının ən uğursuz iş yeri kimi tarixə düşdü. O, komandada ortalama 0,56 xal topladı ki, bu da ən zəif nəticədir. Bundan əvvəl onun ən uğursuz nəticələri “Neftçi”dən əvvəlki iş yeri “Çernomorets”də olmuşdu. Mütəxəssus Ukrayna klubunda 64 oyunda 1,19 xal ortalaması əldə etmişdi.

Şahin Cəfərov