Dövrəyə baxış: zirvə və “zirzəmi”dəkilər

Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb.

“FutbolPress”in məlumatına görə, 9 turdan sonra “Qarabağ” 21 xalla liderdir. Qurban Qurbanovun komandası son turda “Sumqayıt”a qalib gələrək, ən yaxın izləyicisi “Turan Tovuz”u 3 xal qabaqlayıb. “Qarabağ”ın aktivində daha bir oyun var. Son çempion mövsümə yaxşı start verməsə də, ardıcıl qələbələr sayəsində yenidən dominantlıq edir.

9 turdan sonra “üçlük”də maraqlı komandalar yer alıb. Yayda Kurban Berdıyevi komandanın sükanı arxasına gətirən “Turan Tovuz” da ilk dövrənin uğurlu adlarındandır. Tovuz təmsilçisi 9 oyunda 5 qələbə qazanıb və cəmi 1 dəfə uduzub. Yeganə məğlubiyyət “Araz-Naxçıvan”la ev oyununda qeydə alınıb. Naxçıvan təmsilçisi də çempionatda bir məğlubiyyəti olan üç komandadan biridir. Elmar Baxşıyevin yetirmələri son oyunlardakı yüksələn performansla dövrəni üçüncü sırada bitirdi.

“Sabah” və “Zirə” pis təsir bağışlamır. Komandaların oyun planında müsbət çalarlar hiss edilir. “Zirə” müdafiə və hücumda kompaktlığı ilə fərqlənir. Rəşad Sadıqov yaxşı kollektiv yarada bilib və “qartallar” dövrəni qənaətbəxş keçirdi. “Sabah”ın isə hücum xətti effektivliyi ilə seçilir. “Futuristlər” 9 turda ən çox qol vuran (19 qol) iki komandadan biridir (digəri “Qarabağ” – 20 qol).

“Şamaxı”, “Səbail” və “Sumqayıt” isə qeyri-stabilliyi ilə seçildi.

I dövrənin sürprizi isə “Neftçi”dir. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda çempionatda qələbəsi olmayan yeganə kollektivdir 9 oyunda 5 heç-heçə edən və 4 dəfə məğlub olan paytaxt təmsilçisi oyun baxımından da ümid vermir. Komandada problemlər, ictimaiyyətdə və fanatlarda narazılıq davam edir. Qarşıda 14 günlük fasilə var və Qriqorçuk nələrisə dəyişməsə, pis tendensiya davam edəcək.

“Kəpəz” isə I dövrəni sonuncu sırada tamamladı. Gəncə təmsilçisi pis dönəmdən keçir və sponsorsuzluq, maliyyə sıxıntıları təsirsiz ötüşmür. Transfer çalışmalarında da çətinliklər var. Buna baxmayaraq, sonuncu turda “Neftçi” üzərində qazanılan qələbə komandada müsbət atmosfer yaradıb. Qarşıdakı fasilə “Kəpəz” üçün də faydalı olacaq. Yeni transferlərin uyğunlaşmasından sonra gəncəlilər də çempionatda maraqlı nəticələrə imza ata bilər.

Şahin Cəfərov