Azərbaycan yığması UEFA Millətlər Liqasında oktyabrın 11-də Estoniya və 14-də Slovakiya ilə qarşılaşacaq. Yarımmüdafiəçi Elvin Camalovun zədələnməsindən sonra heyətə “Araz-Naxçıvan”dan Vadim Abdullayev dəvət alıb.
29 yaşlı futbolçu karyerasında ilk dəfə milliyə çağırılıb. Vadim “FutbolPress“ə açıqlamasında hisslərini bölüşdü:
“Xəbəri yenicə aldım. Təbii ki, milliyə dəvət hər futbolçu üçün qürurvericidir. Hamımız çalışırıq ki, bu şərəfə nail olaq. Bu hissi sözlərlə ifadə etmək olmur. Buralara gəlmək üçün çətin yollardan keçmişəm. İkiqat sevincliyəm, Allah əziyyətimi yerdə qoymadı. Heç bir əziyyət qarşılıqsız qalmır”.
“Araz-Naxçıvan” Premyer Liqada 9 turdan sonra 17 xalla üçüncü sıradadır. Komandanın ehtiyatda daha bir oyunu var. Abdullayev çempionatdakı ilk dövrəni dəyərləndirdi:
“Bizdən bunu gözləmirdilər. Amma rəhbərlik qarışıq hər birimiz buna inanırdıq. Bilirdik ki, kollektiv olaraq çətinliyin öhdəsindən gəlib istəklərimizə çata bilərik. Hər oyuna bu fikirlə çıxırıq. Çalışmaq, istəmək lazımdır. İstədiyin yerə çatmaq üçün çətinlik çəkməlisən. Hədəf nə qədər böyükdürsə, çətinlik də o qədər artır”.
Şahin Cəfərov