Qurban Qurbanov: “Nəticələr daha yaxşı olacaq”

Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Vacib qələbə idi. İstirahətqabağı önəmli oldu. Bu stadionda, şəhərdə oynamaq çox xoşdur. Azarkeşlərin qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. İki komandanın da fanatlarına təşəkkür edirəm. Yaxşı azarkeş dəstəyi var idi. “Sumqayıt”a uğurlar arzu edirəm. Komandamdan razı qaldım.

– Bəzi oyunçuları sınamaq imkanınız oldu. Yenilərlə bağlı fikirləriniz necədir?
– Kaşuk demək olar, bir ildən çox idi oynamırdı. Onunçün oynamaq asan deyildi. Musa Qurbanlı isə əməliyyatdan sonra optimal formasından uzaqdır. Onların bugünkü hazırlığından razı qaldım. Düzdür, dinamikanı saxlaya bilmirdilər. Amma çalışdılar, diqqətləri oyunda idi. Məncə, pis alınmadı. Vacib olan məşqdəki hazırlıqları idi. Daha yaxşı olacaqlar.

– Fasilədən sonra sanki taktiki dəyişikliklər etdiniz. Dəyişiklikləri etməklə nə düşünürdünüz?
– Hücumdakı futbolçular tam hazır deyildilər deyə, əvəzlədim.

– “Sumqayıt” sizdən turnir cədvəlində daha aşağıdadır. Amma sanki qol vura bilmirdiniz…
– Real yanaşmaq lazımdır. Futbol o demək deyil ki, hansı komanda bizdən aşağıdadırsa, 4-5 qol vurmalıyıq. Bizdən güclü komandalara da qalib gəlmiş, zəif komandalara uduzmuşuq. Futbolda hər nəticə olur. “Sumqayıt”ın özünəxas xüsusiyyəti var. Kompakt futbol oynayır, kəsərli əks-hücumlar edirlər. Onların oyununu bəyəndim. Komandalar bir-birilərini nə qədər çox tanıyırsa, o qədər oynamaq çətinləşir. “Sumqayıt” ötən mövsüm də uğursuz seriyada idi, amma sonra dirçəlmiş, bizə qalib gəlmişdilər. İndiki məqamda mənimçün vacib olan futbolçuların meydandakı düşüncələri, dinamikasıdır. Elə oyunlar var ki, məğlub olsan da, məyus olmursan. İstəksiz, dinamikasız oyunlar narahat edir. Bu gün qələbə qazanmasaq da, uşaqlardan razı qalacaqdım. Mövsüm başlayandan tez-tez rotasiyalar edirik. Rəqibə hörmətlə yanaşırıq. Qarşımızda çox yaxşı məşqçi və kollektiv var idi.

– Çoxlu qol epizodları yaratsanız da, dəyərləndirə bilmirsiniz. Bu, şanssızlıqdır, yoxsa?
– Məncə, qollar gələcək. Biri var epizodu yarada bilməyəsən. Biri də var, epizodu yaradıb, qol vura bilməyəsən. Qol vurmamaq bəzən olur. Ola bilər, müəyyən müddət idman formasından uzaq qalır, daha yaxşı hazırlaşa bilmirlər. İnanır və güvənirəm ki, qollar gələcək. Əsas olan odur ki, istədiyimizi meydanda yerinə yetirsinlər. Rəqibi də nəzərə almaq lazımdır. Hər futbolçumuza ciddi yanaşırlar. Fərdi oyuna üstünlük verirlər. İnanıram ki, daha yaxşı nəticələr olacaq.

– “Ayaks”ı təhlil etməyə başlamısınız?
– Tam yox, amma qarşıdakı günlərdə başlayacağıq.

– Avrokuboklarda son dörd oyunda məğlub olmusunuz. Oyuna köklənmək olacaq?
– İnşallah, olar. Məğlubiyyətimiz oyunumuza görə deyil. Belə olsa, narahatlığımız olardı. Bizə ciddi yanaşırlar. Bizimlə matçda öz oyun üslublarından çıxır, fərqli taktika ilə oynayırlar. Bu, bizi sevindirir. Bizə böyük kollektiv gözü ilə baxır, dəyər verirlər. Bu da işimizi daha ciddi görməyimizə gətirir. Bu cür hallar hazır olmalıyıq.

Şahin Cəfərov