Rəşad Sadıqov: “Atdığım hər addım çox şərh olunur”

Azərbaycan Premyer Liqasının IX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– İki fərqi hissə oldu. Birinci hissədə biz, ikincidə rəqib daha üstün oynadı. Demək olar, iki komandanın da qol şansları oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandı. Qələbə münasibəti ilə rəqibə təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək.

– Fasilədən sonra tempi saxlamağa nə çatmadı?
– Bu, mənim üçün də maraqlıdır. İkinci hissədə rəqibə oynamağa imkan verdik. Təzyiqi azaltdıq, çoxlu itkilərə yol verdik. Bu, bir az da süni örtüklə bağlı idi. Uşaqlar meydançaya uyğunlaşa bilmirdilər.

– Qoldan sonra emosional davrandınız. Şəhriyar Əliyevlə aranızda nə olmuşdu?
– Atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdiyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısınız, təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının qırmızı almasına nə ehtiyac var? Belə, başqa heç nə.

– Milli fasilə ilə bağlı planlarınız necədir?
– Həmişə olduğu kimidir. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də “Sabah”la oyunumuz var. Ona hazırlaşacağıq. Fasilədən sonra iddialı komandalara qarşı səfər oyunlarımız olacaq.

– Buraxılan qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi?
– Epizodu görməmişdim. Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər “Sabah” komandası bloklardan çox istifadə edirdi, indi isə “Turan Tovuz”. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm onlardan blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla, təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş edilərdi. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdursa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidir, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq “iped” vasitəsilə. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdır, sən orada başqa cür görürsən.