Bu gün Tovuz şəhər stadionunda “Turan” klubunun təsisçisi və ilk prezidenti Vidadi Əhmədovun 70 illik yubileyi qeyd olunub.
Futbolpress.az xəbər verir ki tədbirdə “Turan Tovuz” PFK-nın rəhbər və işçi heyəti, rayon içtimaiyyəti, veteran futbolçular və akademiya məşqçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev sözlərinə keçmişinə sahib çıxmayanların gələcəyi də olmaz ifadəsi ilə başlayaraq Vidadi Əhmədovun ölkə futboluna verdiyi töhfələr və onun yaratdığı “Turan”ın ölkə futbolunun inkişafında müstəsna xidmətinin olması haqda danışıb, V.Əhmədovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, veteran futbolçu Nizami Sadıqov, klubun idarə heyətinin üzvü Yaşar Sultanov da öz növbələrində yubilyarı təbrik ediblər.
Sonda çıxış edən Vidadi Əhmədov klubun əmin əllərdə olduğunu qeyd edərək, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Klubun rəhbəri tərəfindən V.Əhmədova xatirə hədiyyəsi təqdim edilib.