Turun son oyunlarına doğru: statistika nə deyir?

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq. Sonuncu gündə iki qarşılaşma keçiriləcək. “Zirə” “Turan Tovuz”un, “Qarabağ” isə “Sumqayıt”ın qonağı olacaq.

Günün ilk matçı Tovuzda baş tutacaq. 8 tura 15 xal yığan “Turan Tovuz” və “Zirə” burda münasibətlərinə aydınlıq gətirəcək. Mövsümə uğurlu start verən və 5 turdan sonra birinci sırada qərarlaşan Tovuz klubu son oyunlarda eniş yaşayır. Komanda ardıcıl qələbə seriyasından sonra üç turdur, azarkeşlərini sevindirə bilmir. “Sabah” və “Şamaxı” ilə heç-heçə edən tovuzlular “Araz-Naxçıvan”a da uduzub. Bugünkü görüş “qara zolaq”dan çıxmaq üçün yaxşı fürsətdir. Azarkeşlər önündə qazanılacaq qələbə həm də komandanı ikinci pilləyə yüksəldəcək.

“Zirə” isə rəqibindən fərqli olaraq son üç turda qələbə qazanıb. Rəşad Sadıqovun komandası “Kəpəz”, “Sumqayıt” və “Neftçi”yə qol buraxmadan qalib gəlib. Müdafiə planında etibarlı oyunu ilə seçilən “qartallar” həm də hücumda effektivdir.

“Zirə” ilə “Turan Tovuz” arasındakı son 5 çempionat matçında komandalar hərəyə iki qələbə qazanıb. Bir görüş isə “sülh”lə başa çatıb.

“Qarabağ” bu gün “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti 20:00-da səslənəcək.

“Sumqayıt” hazırda uğursuz dönəm keçirir. “Kimyaçılar” Premyer Liqada son 5 oyunda cəmi bir heç-heçə edib, qalan görüşləri uduzub. Komanda bu matçlarda 2 qol vurub, 8-ni buraxıb. “Gənclik şəhəri” təmsilçisi 8 turdan sonra 7 xalla 7-ci sıradadır.

“Qarabağ” isə rəqibindən fərqli olaraq çempionatda ardıcıl 4 oyundur, qələbə qazanır. “Atlılar”ın bu mövsüm yeganə məğlubiyyəti “Turan Tovuz”la ev oyununda olub (0:1). “Qarabağ” son 3 rəsmi matçında isə 2 dəfə uduzub. Avropa Liqasında yoluna davam edən Qurban Qurbaanovun kollektivi bu turnirdə “Tottenhem” (0:3) və “Malmö”yə (1:2) uduzub. “Qarabağ” çempionatda son 5 matçda 12 qol vurub, 4-nü buraxıb.

“Sumqayıt” ilə “Qarabağ” arasındakı son beş matçda “kimyaçılar” 2, “atlılar” isə 3 qələbə qazanıb. Ötən mövsümün 32-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan sonuncu dueli də “kimyaçılar” qazanıb.

Kamil Əhməd