Avropa Liqasının Liqa mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Malmö” (İsveç) oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Henrik Ridström jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Dünən də dediyim kimi, çətin oyun oldu. Həqiqətən. “Qarabağ” çox güclü və gözəl komandadır. Fərdi bacarıqları yüksək olan oyunçuları var. Çətinlik çəkdik. Komandamın oyunundan razıyam və qələbəyə layiq idik.
– “Reyncers”lə oyunla müqayisədə nələr fərqli oldu?
– Birinci məsələ müdafiədir. Kompakt şəkildə oynadıq. İkinci nüans odur ki, topla soyuqqanlı davrandıq. Oyunun sonunda rəqib bizi çox sıxışdırdı. Rəqibə qarşı kəsərli hücumlar etdik və bəzi anlarda məcbur etdik ki, müdafiədə qalsınlar.
– Nəticənin belə olacağına ümid edirdiniz?
– Bəli. Çox çətin oyun olacağını bilirdik. “Qarabağ”ın güclü olduğunu anlayırdıq. Rəqibi nəzarət altında saxlaya bildik. “Reyncers”lə oyunda bir çox şeylərdən razı qalmamışdım.
– “Malmö”nün təcrübəli futbolçuları var. Bu, oyuna təsir etdimi?
– Həm hə, həm yox. Bəzi məcburi dəyişikliklər etdik. Qapıçımız zədələndi və dəyişməli olduq. Çox gözəl təcrübəyə sahib oyunçularımız var. Onlar avrokuboklarda kifayət qədər oynayıblar.
– İkinci hissədə Pontus Yanson məşqçilər korpusuna qəzəblənmişdi. Bu, nə ilə bağlı idi?
– O, oyunda daha çox müdafiəçi istəyirdi. Lakin mən daha çox hücumameyilli oyun istəyirdim. O, əksini gözləyirdi. Səbəb bu idi. Tipik haldır, onlar həmişə əlavə kömək istəyirlər.
– “Qarabağ”ın heyətində olan Musa Qurbanlı ötən mövsüm İsveçdə “Yurqorden”də oynayıb. Lakin bir il sonra Bakıya qayıtdı. Sizcə, bir azərbaycanlı hücumçu Skandinaviya futboluna uyğunlaşmaq üçün hansı keyfiyyətlərə sahib olmalıdır?
– Nəsə demək çətindir. Lakin bir şey var ki, Skandinaviya futbolunda fiziki güc tələb olunur. Bu gün texniki göstəricilər nəzərə çarpdı. Lakin İsveçdə, Norveçdə əsas meydanda döyüş gedir. Fiziki hazırlıq yüksək olmalıdır.
Şahin Cəfərov