“Turan Tovuz” Premyer Liqada üç oyundur, qələbə qazana bilmir. 5 tura qədər lider olan bölgə təmsilçisinin son nəticələri qənaətbəxş deyil.
Komandanın kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:
“Üç oyunda iki xal qazanmışıq. Rəqiblərə baxanda xalları pis hesab etmək olmaz. Qarşıda “Zirə” ilə çətin ev oyunu var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq və xal itkilərini bərpa edək”.
Müdafiəçi növbəti turun “Zirə” matçından da gözləntilərini bölüşdü:
“Çempionluğa oynayan “Sabah”la heç-heçə etdik, iddialı “Araz-Naxçıvan”a məğlub olduq. Futbolda belə hallar olur. Hər komanda meydana qələbə üçün çıxır. Azarkeşlərimiz önündə oynayacağıq və azarkeşlərin dəstəyi ilə yaxşı nəticəyə ümid edirəm. Düşünmürəm ki, komandanın gücü elə budur. Düzdür, heyətimizin tam formalaşmaması nəticələrə təsirini göstərir. Buna baxmayaraq, yaxşı nəticə üçün mübarizə aparacağıq. Hər oyunda hədəf qələbə qazanmaqdır”.
Şahin Cəfərov