Azərbaycan Premyer Liqasına VIII tur başa çatıb. “Qarabağ” növbəti qələbə sayəsində liderliyə yüksəlib, “Neftçi” isə “Sumqayıt”la görüşdə bir xal qazanaraq, bir pillə irəliləyib.
“Kəpəz” və “Səbail”in isə xalsızlıq seriyası davam edir.
Araz-Naxçıvan – Səbail 3:2
Çempionatda ardıcıl dördüncü matçını qazanan “Araz-Naxçıvan” turnir cədvəlində ikinci sıraya yüksəlib. Aktivində 16 xal olan naxçıvanlılar lider “Qarabağ”dan geri qalır. Komandaların hərəsinin ehtiyatda bir oyunu var. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv intizamlı oyunu ilə fərqlənir. “Səbail”lə matçın ilk hissəsini geridə bitirən komanda fasilədən sonra ardıcıl vurduğu qollarla geridönüş etməyi bacardı. Oyun üstünlüyünü də əlində saxlayan “Araz-Naxçıvan”da xüsusilə hücum xəttində Felipe Santos effektivliyi ilə komandanın qələbələrində böyük pay sahibidir.
“Səbail”də isə uğursuz seriya davam edir. “Araz-Naxçıvan”la görüşdə qol imkanları yaratmaqda çətinlik çəkən “dənizçilər”in müdafiə xəttində də səhvlər səngimir. Buna baxmayaraq, baş məşqçi Şahin Diniyev gələcəyə nikbin baxır, yaxşı nəticələrə ümid edir. 8 oyuna cəmi 4 xal toplayan komandanın yeganə qələbəsi autsayder “Kəpəz”lə oyunda olub. Ardıcıl dörd məğlubiyyətlə 9-cu pilləyə geriləyən Bayıl təmsilçisini növbəti turda “Şamaxı” ilə sınaq gözləyir. Daha bir məğlubiyyət baş məşqçi Diniyevin ayrılığına səbəb ola bilər.
Zirə – Kəpəz 3:0
Rəşad Sadıqovun rəhbərlik etdiyi “qartallar” çempionatda son üç oyunu qazanıb. Turnir cədvəlində üçüncü pilləyə qalxan “Zirə” “Kəpəz”lə matçda rahat qələbə qazandı. Xüsusilə, ikinci hissədə kəsərli hücumlar edən qəsəbə klubu 3 xalı 3 qolla qazanıb.
“Kəpəz”də isə uğursuzluq davam edir. Mövsümdə xalı olmayan Gəncə təmsilçisi tarixinin ən pis mövsümünü keçirir. 8 oyunda cəmi 2 qol vuran “Kəpəz” qapısında 19 qol görüb. Komanda ümumiyyətlə üç oyundur, fərqlənə bilmir. Baş məşqçi dəyişikliyinə gedən və Azər Bağırovu posta gətirən gəncəlilər hələ istədiyi nəticəni əldə edə bilmir. Xüsusilə, müdafiədə ciddi səhvlər olur və mövqe boşluqları rəqiblərin fərqlənməsinə şərait yaradır.
Neftçi – Sumqayıt 1:1
Azərbaycanın köklü klubu “Neftçi”nin uğursuzluğu da davam etməkdədir. 8 turda qələbəsi olmayan “ağ-qaralar” bu dəfə “Sumqayıt”ın müqavimətini qıra bilməyib. Yenilənmiş “Neftçi Arena”da ilk oyununu keçirən paytaxt klubu favorit çıxdığı oyunda meydanı bir xalla tərk edib. Görüşdə də daha üstün oynayan “Sumqayıt” olub. “Neftçi”nin vəziyyəti anlaşılan deyil. Tarixinin ən uğursuz mövsümünü keçirən “ağ-qaralar”a narazılıq çoxdur. Qol ümidi deyə transfer edilən Dembo Darbo iki metrdən qapıya düşə bilmir, legionerlərdən müdafiədə Yuri Matias, hücumda isə Kilan Lebon bir az effektivliyi ilə seçilir. Digər mövqelərdə problemlər davam edir və Qriqorçuk hələ çıxış yolunu tapmayıb. Komanda növbəti turda autsayder “Kəpəz”lə qarşılaşacaq və xal itkisi Romanın vidası ilə nəticələnə bilər.
“Sumqayıt” isə məğlubiyyətlərdən sonra bir xal qazana bildi. Buna baxmayaraq, komandada durum hələ qeyri-stabildir. Qol yollarında problem yaşayan “Sumqayıt” bitirici hücumçu problemi yaşayır. Forvard Nimeli də vəzifəsinin öhdəsindən gələ bilmir. Hər bir halda, “Neftçi” səfərində üstün oyunla əldə edilən bir xal komanda üçün qənaətbəxş hesab edilə bilər.
Şamaxı – Turan Tovuz 2:2
“Şamaxı” Premyer Liqada məğlubiyyətsizlik seriyasını uzadıb. Komanda artıq 5 oyundur uduzmur və bu matçların 3-də qələbə qazanılıb. “Şirlər” “Turan Tovuz”la oyunda son dəqiqələrdə önə keçsə də, matçın final fitinə saniyələr qalmış penaltidən fərqlənən tovuzlular yekunu müəyyənləşdirib. “Şamaxı”da qısa zamanda yaxşı komanda qurulub. Ayxan Abbasov xüsusilə ev oyunlarında rəqiblərə ciddi təzyiq göstərə bilir. Gedişat müsbətdir və komanda daha güclənib, avrokubok mübarizəsinə qoşula bilər.
“Turan Tovuz”da isə uğurlu startdan sonra eniş davam edir. Tovuz təmsilçisi ardıcıl üç oyundur, xal itirir. 5 turda lider olan komanda itkilərdən sonra 4-cü sıraya qədər geriləyib.
Qarabağ – Sabah 3:2
Turun ən maraqlı oyunu Suraxanıda baş tutdu. “Qarabağ” “Azersun Arena”da azsaylı azarkeşlərinin önündə 17 dəqiqəyə vurduğu qollarla oyunun taleyini həll etdi. İkinci hissədə daha çox təhlükəli epizodlar yaradan “Sabah” fürsətlərdən yararlana bilmədi. Turun maraqlı keçən qarşılaşmasında “Qarabağ”ın qələbəsiylə yekunlaşdı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv çempiontda liderliyə yüksəldi və bundan sonra komandanı “taxt”dan salmaq çətin olacaq.
“Sabah” isə xal itirməsinə baxmayaraq, pis oyun sərgiləmədi. Hücumda kifayət qədər təhlükə yaradan “futuristlər”də əsas problem müdafiə xətti ilə bağlıdır. Arxada sıxıntı davam edir və komanda demək olar, hər tur qol buraxır. Təsadüfi deyil ki, “Sabah” çempionatda ən çox qol buraxan üç komandadan biridir. Baş məşqçi oyunsonrası mətbuat konfransında da problemin fərqində olduğunu qeyd edib.
8 turdan sonra “Qarabağ” liderdir, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz”, “Sabah” və “Şamaxı” avrokuboklar zonası üçün mübarizədədir. Mövsümün uzun hissəsi qarşıdadır və enişlər-yoxuşlar qaçılmaz olacaq.
Şahin Cəfərov