Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Futbolçuları təbrik edirəm. Yaxşı, gərgin oyun alındı. Vacib qələbə idi. Çox yaxşı komandaya qarşı oynadıq. İstəkli, düzgün təşkilatlanmış komanda idi. “Sabah”a uğurlar arzu edirəm.
– Toral Bayramov qol sevincindən sonra azarkeşlərə mesaj göndərdi. “Tottenhem”lə oyunda penaltidən yararlana bilməmişdi. İndi buna cavab olaraq azarkeşlərə qarşı belə etdi…
– Toralın necə jest etdiyini görmədim. Dünya futbolunda belə şeyləri eləmiyən yoxdur. Toral azarkeşlərə hörmətsizlik etməyi düşünməyib. Bəlkə, kimləsə əvvəldən danışıb, belə edəcəyini deyib. Mümkün deyil ki, azarkeşlərə nəsə göstərsin. Provakasiyaya getmək lazım deyil. Kiçik fikir vəziyyəti böyüdə bilər. Üzərinə getmək lazım deyil. Futbolda belə jestlər çoxdur. Kimin necə qəbul etdiyini bilmirəm. Futbolçudur, belə sevinib, bəlkə, tanışına nəsə deyir. Mümkün deyil ki, Toral azarkeşə qarşı belə hərəkət etsin. Belə fikir formalaşdırmaq qətiyyən lazım deyil.
– Hakimlə mübahisəniz oldu. Bu məsələni aydınlaşdırardınız…
– Bəli, oyun çox dayanırdı. Bəzi epizodlar var ki, heç nə yoxdur, amma hakim oyunu dayandırır. Onlara nəyisə sübut edə bilmərik. Onların öz qaydaları var. Oyunun tempini aşağı saldığı üçün etirazımı bildirdim. Sağ olsun, gəldi sarı vərəqə göstərdi, qəhrəmanlıq etdi. Xaricdə azarkeş futbola əylənməyə gəlir, hərəsi bir şeydən ləzzət alır. Amma biz səsimizi çıxaran kimi yanımıza gəlir, vərəqə göstərirlər. Hər birinin xətrini çox istəyirəm, amma belə epizodlara görə hər dəfə vərəqə göstərmək düzgün deyil, tərəfdarı deyiləm. Bir şeyi bilməliyik ki, hamı oyuna hazırlaşır, futbolçuya yaxın durmayaqmı? Futboldur, bəzən epizodları da buraxmaq olar. İnanın ki, iradımdan sonra elə epizod oldu ki, cərimə eləmişdik, amma vermədi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. İstəmişəm ki, meydandakı oyun dinamik olsun. Avropa futbolundan danışır, oynamaq və dinamika istəyiriksə, gərək burda matçlar heç dayanmasın.
– Komandadan tələblər çoxdur. Qarşıdan “Malmö” ilə oyun gəlir. Təzyiq altında oyuna hazırlaşmaq çətin olmayacaq?
– Tələblərin artması bizə olan inamdan irəli gəlir. Azarkeşlərimiz üçün fərqi yoxdur. Ya “Tottenhem”, ya “Malmö” fərqi yoxdur. Bunlar bizə motivasiya verir, həm də həyəcan gətirir. İstər-istəməz bilirik ki, bizdən böyük nəticələr gözlənilir. Futbolçularda bir az həyəcan yaranır. Sıx qrafikdə komandanı optimal formada saxlamaq çətindir. Mən futbolçu deyiləm, amma sıx qrafikdən hələ özümə gəlməmişəm. Xüsusilə də, London səfərindən öncə. Yorğunluq var, bəlkə də, bir sutkaya yaxın yolda olmuşuq. Bu, futbolçunun formada qalmasına zərbədir. Lakin böyümək üçün belə maneələri keçməli, gərginliyə dözməliyik. Çalışacağıq ki, komandanı tam oyuna hazırlaya bilək. Yaxşı oyunla yaxşı nəticə əldə etmək istərdik.
– “Tottenhem” səfərində şansları dəyərləndirə bilmədiniz. Amma burda üç qol vurdunuz. Futbolçular Londonda həyəcanı aşa bilmədilər?
– Fikirlərimi necə çatdıracağımı bilmirəm. Nə olur olsun, Azərbaycandan, bu çempionatdan çıxıb ora getmək həyəcan verir. Tək London yox, “böyük beşlik” ölkələrinə gedəndə həyəcan mütləq olur. Nə qədər motivasiya olsa da, onlar bütün komponentlərdə bizdən üstündür. İstər meydança, istər şərait. Belə komandaların hər məşqi dinamik keçir. Ümumiyyətlə, Londonda maraqlı iqlim var – gah yağış yağır, gah sərinlik olur. Sərin havada məşqlər daha yaxşı keçir. Çünki futbolçuya yüklənmə çox təsir etmir. Xırda elementlər çoxdur. Onlar şəraitdə bizdən üstündür, danmalı deyilik. Hər şeydə öndədirlər. Buna baxmayaraq, gedib onlara qarşı oynayır, mübarizə aparmağa çalışırıq. İstər-istəməz həyəcan qaçılmazdır. Bəlkə ustalıq səviyyəsi çatmır. Onlar 3 epizodu da qola çevirir, biz 5 epizodu boşa veririksə, burda həm keyfiyyət, həm həyəcan amili var. Onlar bir çox komponentlərdə bizdən üstündürlər.
– Komandanın əsas oyunçularını ikinci hissədə meydana buraxmağı əvvəldən planlaşdırmışdınız, ya “Sabah”ın oyunu buna vadar etdi?
– Sırf oyunun gedişatına görə oldu. Fikrimdə Marko Yankoviç idi. Onun birdən-birə 90 dəqiqə oynaması çətin olardı. Onu dəyişməyi planlaşdırırdım. Bəzi oyunçulara istirahət verməyi düşünürdüm.
– Azərbaycan Premyer Liqasında sistem elədir ki, eyni komanda ilə 4 dəfə oynayırsınız. Özünüz də qeyd etdiniz ki, futbolçular eyni komandaya qarşı oynamağa öyrəşir. Sizcə, çempionatda formatın dəyişməsi avrokuboklardakı çıxışınız üçün faydalı olar, ya yox?
– Bildirəcək fikir yoxdur. O qədər danışıqlar olur, müzakirələr aparılır. İnanın ki, deyəcək fikrim yoxdur. Gözləməliyik ki, futbolumuzun gələcəyi üçün plan hazırlansın. İndi fikir bildirməyim düzgün olmaz. Vəziyyətə real baxmalıyıq. Bu gün komanda sayını artırmağa, sponsor tapmağa gücümüz çatmırsa, danışmağa ehtiyac yoxdur. Futbolu millətimizə sevdirmək lazımdır. Bu gün “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevə bir azərbaycanlı kimi təşəkkür edirəm. Görünür ki, futbolumuza fayda vermək istəyir. Belə insanların sayı artmalıdırmı, ya başqa dövlət səviyyəsində nəsə olmalıdır, bilmirəm. Nəsə desəm, düzgün çıxmaz. Qlobal məsələdir, çox istərdim ki, 16-18 komanda olsun. Fərqli səfərlər olsun. Bu zaman futbolun da başqa ləzzəti olacaq. Futbolu hansısa yolla sevdirmək lazımdır. Bunun üçün də bölgələrdə futbolu kütləviləşdirmək lazımdır. Yəqin, qarşıdakı illərdə düzələr. Özüm də üzgünəm. Belə deyək, düşündüklərimi həyata keçirə bilmirəm. Ağır məsələdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq.
– İcraiyyə Komitəsinin üzvüsünüz. Bu təklifləri verə bilməzsiniz?
– Hamısı müzakirə edilib. Orda böyük şirkətlərlə danışıqlar keçirilir, onların təcrübəsindən yararlanacaqlar. Yəqin, yaxın günlərdə görüş də olacaq. Həmişə bildirmişəm ki, ölkəni futbol ölkəsi etmək lazımdır. Hansı ki, başqa ölkələrdə belədir. 3-5 il gözləyərik ki, yeni format necə olacaq. Deyirlər ki, sizdən “Tottenhem”lə oyunda qələbə gözləyirlər. Bəli, bu, inamdır. Amma ümumi futbolumuza inam lazımdır. Çox danışmaq olar. Hələki burdayıq, bu səviyyədəyik. Ümid edək ki, yaxşı olar. Daima müzakirələr aparılır.
– İki həftə öncə İcraiyyə Komitəsinin iclası oldu. İclası yarımçıq tərk etmişdiz. Gündəlikdə qalan məsələlər nə vaxt müzakirə olunacaq?
– Qərar qəbul edilib ki, İK iclaslarından sonra qərarları açıqlayacaq, sualları cavablandıracaq bir şəxs var. Fikir bildirmək düzgün olmaz. Biri var, bir nəfər cəm şəkildə danışsın, biri də var bir nəfər hər şeyi izah etsin.
– İK-də həvəskar şəxslərlə bir yerdəsiniz. Onlarla futbol haqda qərarlar necə müzakirə olunur?
– Futboldan başqa nəsə müzakirə edilmir. Futbol təkcə təhlilin üzərində durulmur. Yaxşılaşmaq üçün başqa qüvvələr: sponsor, pul, marketinq lazımdır. Təhsildə futbolu kütləviləşdirmək olar. Təhsil, bank sistemindən adamlar var. Hərə öz təklifini bildiri ki, futbola necə lazımlı şəxsləri gətirmək olar. Hərənin üzərinə düşən vəzifə var. Futboldan başqa şey müzakirə edilmir.
– Gürcüstan futbolunu izləyirsiniz. Necə düşünürsünüz, orda bir sistem işləyir, yoxsa onların genlərində futbolçuluq var? Sizcə, sistem, ya futbolçu genləri onları Avropa çempionatına apardı?
– Ağır sualdır. İstər-istəməz Gürcüstanda futbola baxış fərqlidir. Orda valideynin düşüncəsi övladının gedib hardasa oynamasıdır. Bəzi gürcüstanlı futbolçular var ki, potensialı aşağıdır, amma böyük hədəflər düşünür. Orda fundament elədir ki, onlar futbolla yaşayırlar. Bəlkə, federasiyada futbolçular çoxdur? Düzü, say olaraq futbolçular çoxdur. Bəlkə də, Kaxa Kaladzenin orda olması futbola diqqəti daha artırdı, inamı çoxaltdı. Onların Avropaya çıxış imkanları bizdən daha çoxdur. Çox danışmaq olar, ola bilər ki, onlar milliyə daha çox güc verirlər. Klub yox, milliyə səviyyəyə çox diqqət ayıra bilərlər. İclaslarımızda bütün ölkələrin strategiyaları müzakirə olunur. Müəyyən təcrübələr əldə etmək istəyirik. Fikirlər var, qalır ki, onları həyata keçirək, kütləviləşdirək. Real baxmalıyıq. Gürcüstanda futbola sevgi bizdən daha çoxdur. Heç kim məndən inciməz, nə var, onu da deyək. Biz niyə yox? Bizə nə olub ki? Çox şey əldə edə bilərik. O qədər üstün sahələrimiz var ki… cüdoda, güləşdə bizim güclü idmançılarımız, əsgərlərimiz var. Çətinlikdən qorxan xalq deyilik. Sanki sadə və düzgün addım atmaq lazımdır. Çox fikirləşməyə də ehtiyac yoxdur. Futbola sevgini artırmaq lazımdır.
– Sizə ölkə idmanının qurtarıcısı kimi baxırlar. Başqa xilaskarı necə və neçə ilə tapa bilərik?
– Bu sualların cavablarının olub-olmadığını bilmirəm. Danışmaq yox, iş görməliyik. İndi elə hazırlıq gedir ki, fikir bildirmək düzgün deyil. Hər xırda detala fikir verilir. İnkişafı sürətləndirməyin yolları axtarılır. Yaxın vaxtda ümumi açıqlama olacağını düşünürəm. Futbolçunun, məşqçinin, bazaların, stadionların sayı çox olmalıdır. Çox geridəyik. İngiltərə, İspaniya kimi ölkələrin tarixi var. İndi İngiltərə ən yaxşı məşqçiləri, futbolçuları yığır. Saysanız, 600-ə yaxın komandaları var. Eləcə də, digərlərinin. Baxırsan ki, 7-8 liqaları var. Bunlar şərtdir. Biz bir addım atanda, onlar 10 addım atırlar.
– “Neftçi”nin belə vəziyyətdə olması “Qarabağ”ın çıxışına necə təsir edir? Yəni, daxildəki rəqabətin aşağı olması komandanı geri çəkir?
– Rəqabət çox olsa, sevinərik. Bizimçün hansısa oyun asan keçmir. Hər komanda bizə qarşı əlavə güclə hazırlaşır. Bir komandayla iş düzəlmir. Mövsümboyu eyni temp olmalıdır. Şəraitlər bərabər olmalıdır. Tək “Neftçi”nin durumu deyil. Bəlkə, heç avrokuboklara düşə bilməyəcəyik? Nüanslar var ki, açıqlamaq istəmirəm. Çalışıb, Avropada yaxşı olmalıyıq.
Şahin Cəfərov