“Basketbolla maraqlanan, bu sahəyə gəlmək istəyən uşaqlar çoxdur”

“Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərovun “FutbolPress“ə müsahibəsi:

– Yeni mövsümə hazırlıqlarınız necə keçir?
– Komandamız yerni yaransa da, ötənilki “Cəlilabad”ın bazası saxlanılıb. Azərbaycan çempionatında yeni format olacaq. Komandalar iki qrupda yer alacaq. Biz isə B qrupundayıq. Hədəfimiz yaxşı yerləri tutub, pley-off mərhələlərinə yüksəlməkdir. B qrupunda bütün komandalar demək olar, bərabər səviyyədədir. Taktiki cəhətdən yaxşı hazırlaşa bilsək, layiqli mübarizə apara bilərik. Çempionatda məğlubedilməz komanda yoxdur. Hər oyuna qələbə hədəfi ilə çıxacağıq.

– Transfer çalışmaları davam edir, ya artıq bitirmisiniz?
– 5 legionerlə oynayırıq. Yeni oyunçularımız üçün də çempionat yenidir. Daha bir oyunçunun transferini düşünürük, danışıqlar gedir. B qrupu üçün komandamızı formalaşdırmışıq. Növbəti mərhələyə yüksələ bilsək, komandanı gücləndirməyə çalışacağıq. Digər komandalarda müəyyən problemlər var və heyətlərini formalaşdıra bilməyiblər. Ayın 16-dan tam heyətlə çalışırıq. Ötən həftə güclü “Sabah”a qarşı oynadıq. Məğlub olsaq da, komanda pis təsir bağışlamadı, layiqli mübarizə apardı. Sadəcə yorğunluq və bəzi itkilərimiz sonlarda problem yaratdı. Transfer məsələlərini demək olar, tamamlamışıq.

– Azərbaycan futbolunda yerli oyunçu qıtlığı var. Basketbolda vəziyyət necədir?
– Düzü, yerli oyunçu problemi basketbolda da var. Oyunçular çoxdur, amma yüksək səviyyədə oynaya biləcəklər azdır və hiss olunur. Cəlilabaddan zamanla yaxşı oyunçular yetişir, amma onlar da digər klublarda çıxış edirlər. Buna görə onları bir komandaya yığmaq çətindir. Hamı kimi mənim də yerli oyunçuya ehtiyacım var. Zaur Paşayevlə bu çatışmazlığı doldurmağa çalışırıq. Yaxşı formada olsa da, artıq 40 yaşını keçib. Bu il bizə kömək edəcək. Amma digər yerlilər səviyyəcə aşağıdır. Yerli uşaqlar son illərdə bassketbolda olan inkişafdan istifadə edib, legionerlərdən nələrsə öyrənməli, onlara çatmalıdırlar. Yerli oyunçu qıtlığını bütün komandalar hiss edir.

– Ölkədə basketbolun hazırkı durumu, xüsusilə də, gənclər arasında vəziyyət necədir?
– Basketbol Azərbaycanda inkişafdadır. Artıq uşaqlar arasında da çempionatlar keçirilir. Bu, gələcəkdə inkişafa töhfəsini verəcək. Biz də öz növbəmizdə uşaq basketbolu üçün işlər görməyə çalışırıq. Seleksiya işləri olur, məktəblərdə idman dərslərində basketbola da yer verilir. Uşaqlar artıq basketbola əyləncə yox, peşə kimi baxmalıdırlar.

– Son illərdə inkişaf hiss edilir. Bunun əsas səbəbi nədir?
– Düzü, Azərbaycan Basketbol Federasiyası 2 il əvvəl yeni layihə başlatdı. Seleksiya işlərində fərqli metodlar istifadə edildi, şəhərlərdə basketbol akademiyaları açıldı. Əvvəl uşaqda boyun uzun olmasına baxırdıq. Amma indi əlləri, fiziki durumu və digər nüanslara diqqət edilir. İdman məktəblərində basketbolun təbliğatı gedir.

– Təcrübəli biri kimi, hansı problemləri müşahidə edirsiniz?
– Hazırda ən böyük problem məşqçilərin səviyyələridir. İstər işə yanaşma, istər səviyyələrini artırma. Bəzi mütəxəssislər geri qalır. Son dönəmlərdə artıq seminarlar başlayıb, məşqçilər imtahanlar verir. Keçənlər işlə təmin ola bilir, keçməyənlər isə fəaliyyətlərini dayandırır. Bu da öz növbəsində məşqçilərin məsuliyyətini artırır. Gənc məşqçilərə məsləhətim odur ki, üzərlərində çox işləsinlər. Metodika asandır, sadəcə tətbiqinə fikir vermək və işləmək lazımdır.

– Uşaqlar arasında basketbolun kütləviliyi üçün hansı addımlar atılmalıdır?
– Basketbolla maraqlanan, bu sahəyə gəlmək istəyən uşaqlar çoxdur. Hazırda əsas problemlərdən biri idman zalları ilə bağlıdır. Saylar azdır. Məktəblərdə basketbolyönümlü idman dərsləri artırılmalıdır. Bunların da effektini görəcəyik. Müəllimlər uşaqlarda basketbola maraq oyatmalıdır. Eyni zamanda, parklarda da basketbola aid idman qurğuları olmalıdır ki, uşaqlar erkən yaşdan maraq oyada bilsin.

– Basketbol uşaqların fiziki tərbiyəsində hansı rolu oynayır?
– Pis vərdişlərdən danışaraq, peşəkar idmanın mahiyyətini itiririk. Düzdür, işimizin bir hissəsi uşaqların fiziki sağlam olmaları, sağlam cəmiyyətdə böyüməlidir. Amma bu metodikanın əsası uşağın seçdiyi idman sahəsinə olan düşüncəsini formalaşdırmaq, kollektiv oyunu öyrətməkdir. Kollektiv idman növünün üstünlüyü odur ki, uşaq artıq kollektiv düşünməyə başlayır. Tək hücum elementləri deyil, topla və topsuz davranışlara yiyələnir. Meydanda bir nəfər olsa da, 5 nəfəri təsəvvür edə bilməlidir. Bu, uşaqların idmana gəlişi zamanında əsas məsələlərdəndir. Uşaqlarda basketbol düşüncəsi formalaşdırılmalıdır. Uşaq 1-2 ildən sonra artıq meydançada nə baş verdiyini anlamalıdır. Qarşısına konkret hədəf qoyub, çalışmalıdır. Uşağın düşüncəsini formalaşdırmaq çətindir, digər məsələləri məşqlərlə etmək olur. Yerli oyunçuların əsas problemi odur ki, məşqlərdə hazırlaşdırır, öyrədirik, amma oyunda tətbiqinə gələndə edə bilmirlər. Zamanla bununda öhdəsindən gələcəyik. İdmançı gərək həm də yaxşı düşünsün. Ustalığın, fiziki hazırlığın yaxşı olsa da, düşüncən düzgün deyilsə, basketbolçu ola bilməzsən.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.