“Şamaxı”nın oyunçusu: “Hədəfimiz komandanı liqada saxlamaqdır”

“Şamaxı” Azərbaycan Premyer Liqasının VIII turunda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.

“Şamaxı”nın qapıçısı Kamal Bayramov “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bildirdi:

“Tovuz klubu mövsümə yaxşı başlayıb. Oturuşmuş heyətləri var və demək olar, ötən mövsümün 95 faizi yerində qalıb. Biz də yeni qurulmuş komandayıq və çətin oyun olacaq. Rəqibin avrokubok iddiası var və bu, onlarçün əlavə motivasiyadır. Çalışacağıq, tapşırıqları yerinə yetirək. Xal və ya xallar qazana bilsək, xoş olacaq. Lakin futboldur, məğlubiyyət olsa da, dünyanın sonu olmayacaq”.

“Şamaxı” son 4 oyunda 3 qələbə qazanıb. Bayramov komandanın uğurlu çıxışına da toxundu:

“İşimizə fokuslanmışıq. Yeni komanda olduğumuz üçün müəyyən çətinliklər ola bilər. Fiziki və taktiki baxımdan tam hazır olmaq üçün məşqlərdə maksimum çalışırıq. Baş məşqçimiz Ayxan Abbasov tərəfindən hər xırda detal incəliyinə qədər izah edilir. Komandada ailə atmosferi var. Bu mühiti yaratmaq çox vacib idi. Əsas məqsədimiz komandanı liqada saxlamaq və davamlı etməkdir. Futbolda məğlubiyyətlər də, qələbələr də olur. Əsas olan bütün gücü verməkdir. Hədəfə çatmaq üçün dəridən-qabıqdan çıxmalıyıq. Hər futbolçu üzərinə məsuliyyəti başa düşür”.

Şahin Cəfərov