Azərbaycan Premyer Liqasının VIII turunun “Zirə” – “Kəpəz” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyunun çətin və gərgin keçəcəyini bilirdik. Çünki rəqib neçə tur idi ki, uduzurdu. Onlarda baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. “Sabah”ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu, çoxlu pressinq edirdilər. Bəzən bundan çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu. İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları təbrik edirəm.
– Salifu Sumanın dəyişikliyi nə ilə bağlı idi?
– Onun dəyişilməsi sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, provakasiyaya gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik.