“Gələcəyə pis baxmırıq. Ümid sonda ölür. Komanda futbol oynaya bilir, ancaq nəticə yoxdur. Çox arqumentlər gətirə bilərsiniz, haqlısınız. Amma hələ tezdir, mövsüm uzundur. İndi nə desəm, nəyisə siğortalamayacam. Təcrübəm var və bu oyunla belə az xal yığmağımızı başa düşmürəm”.
Bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev udmalı olduğu rəqibi “Araz Naxçıvan”a məğlubiyyətdən sonra deyib.
Gəlin yığışaq, Şahin bəyə kömək edək, komandasının niyə uduzduğunu başa düşsün. Yekunda maaşı da biz yox, o alsın…
Ümumiyyətlə, oyunsonrası konfranslarda Diniyevin dedikləri məcmuə halına salınsa, maraqla oxunar.
Sitat:
“Deyiləsi söz yoxdur. Bəsit qollar buraxdıq. Rəqibin legionerləri keyfiyyət baxımından bizdən üstün idi. Rəqibi təbrik edirəm”.
Bəsit qollar niyə buraxırsınız?
Rəqibin legionerləri sizinkilərdən yaxşı ola bilər. Ancaq sizin bunu rahat etiraf etməyiniz məzəli görünür. Sizə nə mane olurdu, bəy?
Bir də, bu nə təbrikbazlıqdır? Adam uduzduğu rəqibi belə rahat necə təbrik edə bilir, anlaya bilmirəm. Haçansa, hansısa pop-matçda belə hal(lar) yaşanıb deyə, başqalarına nə haray çatıb? Adam da uduzduğu rəqibi təbrik edər? Bu centlmenlik deyil, səhv salmayaq.
Ümumiyyətlə, “dənizçilər” autsayderlik sahilində ləpirini atıb artıq. Mövsümü ən yaxşı halda, 5-6-cı yerdə bitirə bilərlər. Bəs nəyin həşiridir?
Vur-qır-dağıt, 5-6-cı yerlər. Və? Bunun “Səbail” üçün, “Səbail”in də ölkə futbolu üçün nə vacibiyyəti var?
Hm..?
Kamil Əhməd