“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”lə qarşılaşacaq. Londonda keçiriləcək oyuna saat 23:00-da start veriləcək.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Avropa Liqasında yeni format var və ilk oyunlar çox mühümdür. Bu, həm “Tottenhem”ə, həm də “Qarabağ”a aiddir. Əvvəlki illərdən fərqli olaraq bu dəfə cavab görüşləri olmayacaq və fərqli futbol ölkələrinin komandaları ilə oyunlar olacaq. Bu baxımdan düşünürəm ki, hər oyun vacibdir və uğurlu start önəmlidir. “Tottenhem” güclü rəqibdir və sürətli futbol oynayırlar. Ümumiyyətlə, dinamik oyun müasir futbolun tələblərindəndir. “Qarabağ” neçə ildir, avrokuboklar mübarizə aparır və müəyyən təcrübə qazanıblar. Ötən il “Bayer”ə qarşı necə mübarizə apardıqlarını gördük. Bu baxımdan indiki məqamda da xüsusi vacib olan komanda ruhudur. İnanıram ki, “Qarabağ” öz oyununu sərgiləməklə yaxşı nəticə əldə edə bilər”.
Mütəxəssis “Qarabağ”ın görüşdən yaxşı nəticə ilə ayrıla biləcəyini qeyd etdi:
“Rəqib kağız üzərində favoritdir, amma “Qarabağ”ı da nəzərə almaq lazımdır. Təmsilçimiz neçə belə oyunlardan yaxşı nəticə ilə ayrıla bilib. Komanda dəyişir, keyfiyyət artır, Avropa səviyyəli futbol göstərilir .”Qarabağ” artıq böyüyüb və belə oyunlara hazırdır. Həm də müasir futbolda çox görmüşük ki, favoritlər uduzur, xal itirir. “Qarabağ”ın da şansları var, təzyiqin, güclü pressinqin öhdəsindən gələ bilərlər. İnanaq və ümid edək ki, “Qarabağ” Londondan yaxşı nəticə ilə dönərək, bütün Azərbaycan xalqını sevindirəcək”.
Şahin Cəfərov